< Qanunun Təkrari 27 >
1 Musa ilə İsrailin ağsaqqalları xalqa belə dedilər: «Bu gün sizə buyurduğum bütün əmrlərə riayət edin.
2 İordan çayını keçib Allahınız Rəbbin sizə verəcəyi torpağa gedəndə böyük daşları dik qoyub əhəngləyin.
3 Atalarınızın Allahı Rəbbin vəd etdiyi kimi Onun sizə verəcəyi ölkəyə – süd və bal axan torpağa girəndə bu qanunun bütün sözlərini bu daşlara yazın.
4 Bu daşları bu gün sizə əmr etdiyim kimi İordan çayını keçəndən sonra Eval dağında dikəldib əhəngləyin.
5 Orada Allahınız Rəbbə dəmir alət vurulmamış daşlardan bir qurbangah düzəldin.
6 Allahınız Rəbbin qurbangahını yonulmamış daşlardan düzəldib üzərində Allahınız Rəbbə yandırma qurbanları təqdim edin.
7 Ünsiyyət qurbanlarını orada kəsib yeyərək Allahınız Rəbbin önündə sevinin.
8 Bu qanunun bütün sözlərini bu daşlara aydın, oxunabilən tərzdə yazın».
9 Sonra Musa ilə Levili kahinlər bütün İsraillilərə belə müraciət etdilər: «Ey İsraillilər, sakitcə qulaq asın! Bu gündən siz Allahın xalqı oldunuz.
10 Bu gün sizə buyurduğum kimi Allahınız Rəbbin sözlərinə qulaq asıb Onun əmrlərinə, qanunlarına və qaydalarına əməl edin».
11 O gün Musa xalqa belə dedi:
12 «İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin.
13 Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali.
14 Levililər bütün İsrail xalqına ucadan belə müraciət etsin:
15 “Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayana lənət olsun!” Bütün xalq cavab versin: “Amin!”
16 “Qoy ata-anası ilə hörmətsiz rəftar edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
17 “Qoy qonşusunun sərhədini dəyişdirənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
18 “Qoy kor olanı yoldan azdırana lənət olsun!” Bütün xalq desin: “Amin!”
19 “Qoy qəribə, yetimə, dul qadına haqsızlıq edənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
20 “Qoy atasının arvadı ilə yatana lənət olsun! Çünki o, atasının nikahını ləkələmişdir”. Bütün xalq desin: “Amin!”
21 “Qoy hər hansı bir heyvanla cinsi əlaqəyə girənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
22 “Qoy anadan yaxud atadan bir olan bacısı ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!”
23 “Qoy qayınanası ilə yatana lənət olsun!” Bütün xalq desin: “Amin!”
24 “Qoy gizlicə qonşusunu öldürənə lənət olsun!” Bütün xalq desin: “Amin!”
25 “Qoy günahsız qan tökmək üçün rüşvət alana lənət olsun!” Bütün xalq desin: “Amin!”
26 “Qoy bu Qanunun sözlərini əməldə təsdiq etməyənə lənət olsun!” Bütün xalq desin: “Amin!”