< Qanunun Təkrari 23 >
1 Cinsiyyət üzvü əzilmiş ya da kəsilmiş şəxs Rəbbin camaatı arasına daxil ola bilməz.
2 Qeyri-qanuni doğulan şəxs Rəbbin camaatı arasına daxil ola bilməz. Onun övladları, hətta onuncu nəslə qədər olanı Rəbbin camaatı arasına daxil ola bilməz.
3 Heç bir Ammonlu və yaxud Moavlı Rəbbin camaatı arasına daxil ola bilməz. Onların heç bir övladı, hətta onuncu nəslə qədər olanlar da Rəbbin camaatı arasına əsla daxil ola bilməz,
4 çünki onlar Misirdən çıxdığınız zaman yolda sizi çörək və su ilə qarşılamadılar. Sizə lənət oxumaq üçün Aram-Naharayimdəki Petor şəhərindən Beor oğlu Bilamı muzdla tutdular.
5 Lakin Allahınız Rəbb Bilamı dinləmək istəmədi. Ona görə də Allahınız Rəbb bu lənəti xeyir-duaya çevirdi, çünki O sizi sevir.
6 Nə qədər ömrünüz varsa, onların xeyri və rifahı üçün çalışmayın.
7 Edomlulara isə ikrahla yanaşmayın, çünki onlar sizin qohumlarınızdır. Misirlilərə də ikrahla yanaşmayın, çünki torpaqlarında qərib olmusunuz.
8 Onlardan doğulanların üçüncü nəsli Rəbbin camaatı arasına daxil ola bilər.
9 Düşmənlərinizlə döyüşmək üçün ordugah quranda özünüzü hər cür murdarlıqdan qoruyun.
10 Əgər gecə yatarkən aranızda toxumu tökülən şəxs olarsa, o, ordugahdan kənara çıxsın və buraya daxil olmasın.
11 Axşamadək yuyunsun və gün batandan sonra ordugaha qayıtsın.
12 Ordugahınızdan kənarda ayaqyolu üçün yer təyin edin.
13 Sursatınız arasında yer qazmaq üçün bel də olsun ki, ayaqyoluna gedəndə ifrazatın üstünü basdıra biləsiniz.
14 Çünki sizi qurtarmaq və düşmənlərinizi sizə təslim etmək üçün ordugahınızın içində Allahınız Rəbb gedir. Ordugahınız müqəddəs olsun ki, Rəbb natəmiz bir şey görüb sizdən üz döndərməsin.
15 Ağasının yanından sizin yanınıza qaçan qulu ağasına qaytarmayın.
16 Qoy öz seçdiyi yerdə, bəyəndiyi bir şəhərdə aranızda yaşasın. Ona əzab verməyin.
17 İsrailli qadın və kişilər arasından heç kim məbəd fahişəliyi etməsin.
18 Qadının və ya kişinin fahişəliklə qazandığı qazancı Allahınız Rəbbin məbədinə təqdim etməyin. Hər ikisi Allahınız Rəbbin gözündə iyrəncdir.
19 Soydaşınıza pulu, ərzağı və yaxud da faiz gətirən başqa bir şeyi sələmlə borc verməyin.
20 Yadellidənsə faiz ala bilərsiniz, amma soydaşlarınızdan almayın ki, Allahınız Rəbb mülk olaraq almaq üçün gedəcəyiniz torpaqda əl atdığınız hər işə xeyir-dua versin.
21 Allahınız Rəbbə bir əhd təqdimi edəcəyinizi söyləyəndə gecikdirməyin, çünki Allahınız Rəbb mütləq bunu sizdən istəyəcək. Onu yerinə yetirməməyiniz günahdır.
22 Amma əhd etməkdən çəkinirsinizsə, bu, günah deyil.
23 Ağzınızdan çıxanı yerinə yetirməyə diqqət edin, çünki Allahınız Rəbbə əhd edərək ürəkdən təqdim etməlisiniz.
24 Qonşunuzun bağına girəndə doyunca üzüm yeyə bilərsiniz, amma səbətinizə yığmayın.
25 Qonşunuzun zəmisinə girəndə əlinizlə başaq yığa bilərsiniz, amma zəmiyə oraq vurmayın.