< Qanunun Təkrari 12 >
1 Atalarınızın Allahı Rəbbin mülk olaraq almaq üçün sizə verəcəyi torpaqda ömür boyu bu qaydalara və hökmlərə riayət edin.
2 Hansı millətlərin torpaqlarını alacaqsınızsa, allahlarına səcdə etdikləri uca dağlarda, təpələrdə, kölgəli hər ağacın altında olan bütün yerləri mütləq viran qoyun.
3 Qurbangahlarını dağıdıb daş sütunları sındırın, ilahə Aşera bütlərini odda yandırıb allah saydıqları oyma bütləri baltalayın və adlarını o yerlərdən silin.
4 Allahınız Rəbbə bu cür pərəstiş etməyin.
5 Allahınız Rəbbin adını qoymaq üçün bütün qəbilələriniz arasından seçəcəyi yeri, Onun məskənini axtarın və oraya gedin.
6 Yandırma qurbanlarınızı, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi, əhd etdiklərinizi, könüllü təqdimlərinizi, mal-qara və qoyun-keçilərinizin ilk balalarını oraya gətirin.
7 Orada sizə bərəkət verən Allahınız Rəbbin önündə ailələrinizlə birlikdə yemək yeyəcəksiniz. Onda hansı işə əl atacaqsınızsa, sevinc tapacaqsınız.
8 Bu gün burada etdiklərinizi orada etməyin. Burada hər kəs öz nəzərində nəyi düz sayırsa, onu da edir.
9 Çünki hələ Allahınız Rəbbin sizə verəcəyi rahatlığa və irs torpağa çatmamısınız.
10 Amma İordan çayını keçib Allahınız Rəbbin irs olaraq sizə verəcəyi torpaqda məskunlaşacaqsınız. Rəbb sizi ətrafınızdakı bütün düşmənlərdən qurtararaq rahatlıq verəcək və əmin-amanlıq içərisində yaşayacaqsınız.
11 O zaman sizə əmr etdiyim hər şeyi – yandırma təqdimlərinizi, ünsiyyət qurbanlarınızı, qazancınızın onda bir hissəsini, qaldırma təqdimlərinizi və Rəbbə həsr etdiyiniz bütün seçmə təqdimlərinizi Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerə gətirəcəksiniz.
12 Allahınız Rəbbin qarşısında siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan sizinlə birgə payı və irsi torpağı olmayan Levililər qoy sevinsin.
13 Ehtiyatlı olun! Hər gördüyünüz yerdə yandırma qurbanlarınızı təqdim etməyin.
14 Yandırma qurbanlarınızı qəbilələrinizin birində Rəbbin seçəcəyi yerdə təqdim edin. Sizə əmr etməkdə olduğum hər şeyi orada edəcəksiniz.
15 Ancaq Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə yaşadığınız şəhərlərdə ürəyiniz istəyən qədər heyvan kəsib ətindən yeyə bilərsiniz. Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti yediyiniz kimi yeyə bilər.
16 Qanını isə yeməyin, su kimi yerə tökün.
17 Taxılınızın, təzə şərablarınızın, zeytun yağınızın onda bir hissəsini, mal-qara və qoyun-keçilərinizin ilk balalarını, əhd etdiklərinizin hamısını, könüllü təqdimlərinizi, qaldırma təqdimlərinizi yaşadığınız şəhərlərdə yeməyin.
18 Siz, oğullarınız, qızlarınız, qul və qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər bunları Allahınız Rəbbin hüzurunda, Onun seçəcəyi yerdə yeyəcəksiniz. Allahınız Rəbbin hüzurunda hansı işə əl atsanız, sevinc tapacaqsınız.
19 Ehtiyatlı olun! Bu torpaqda yaşadığınız müddətdə Levililərə etinasız yanaşmayın.
20 Allahınız Rəbbin sizə vəd etdiyi kimi sərhədinizi genişləndirəndə ət yemək istəyərək “gəlin ət yeyək” desəniz, ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz.
21 Allahınız Rəbbin adını qoymaq üçün seçdiyi yer sizdən uzaqdırsa, əmr etdiyim kimi Rəbbin verdiyi naxırlardan, sürülərdən heyvan kəsib öz şəhərlərinizdə ürəyiniz istəyən qədər ət yeyə bilərsiniz.
22 Pak yaxud murdar insan bu əti ceyran və ya maral əti kimi yeyə bilər.
23 Lakin ehtiyatlı olun ki, əti qanlı-qanlı yeməyəsiniz, çünki ətə can verən qandır. Ətlə birlikdə canı yeməyin.
24 Qanı yeməyin, su kimi yerə tökün.
25 Qan yeməyin. Belə etsəniz, Rəbbin gözündə doğru olanı etmiş olarsınız. Onda həm sizin, həm də sizdən sonra gələn övladlarınızın xoş güzəranı olar.
26 Müqəddəs təqdimlərinizi, əhd etdiyiniz təqdimləri götürüb Rəbbin seçəcəyi yerə gedin.
27 Yandırma qurbanlarınızı, əti və qanı Allahınız Rəbbin qurbangahında təqdim edin. Qurbanlarınızın qanı Allahınız Rəbbin qurbangahında tökülsün. Ətini isə yeyə bilərsiniz.
28 Sizə çatdırdığım bütün bu əmrlərə düzgün əməl edin. Allahınız Rəbbin gözündə yaxşı və doğru işlər gördüyünüz üçün sizin və sizdən sonra gələn övladlarınızın həmişə xoş güzəranı olar.
29 Allahınız Rəbb torpaqlarını almağa gedəcəyiniz millətləri qarşınızdan yox edəcək. Torpaqlarını irs olaraq alıb orada yaşayanda,
30 onları yox edəndə ehtiyatlı olun ki, onların felinə düşməyəsiniz. “Bu millətlər allahlarına necə sitayiş edirdilərsə, biz də elə edək” deyərək onların allahlarına müraciət etməyin.
31 Allahınız Rəbbə bu cür pərəstiş etməyin. Onlar öz allahları üçün Rəbbin nifrət etdiyi iyrənc işləri görürlər. Belə ki oğullarını, qızlarını odda yandıraraq allahlarına qurban verirlər.
32 Sizə buyurduğum bütün əmrlərə diqqətlə əməl edin. Onlardan nəyisə əskildib, onlara nəyisə artırmayın.