< Daniel 4 >
1 Padşah Navuxodonosor bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub adamlara müraciət etdi: «Sülhünüz bol olsun!
2 Məsləhət bildim ki, Allah-Taalanın mənim üçün etdiyi əlamətləri və möcüzələri sizə elan edim.
3 Onun əlamətləri necə də böyükdür, Onun möcüzələri necə də qüdrətlidir! Onun padşahlığı əbədi padşahlıqdır, Onun hökmranlığı nəsildən-nəslə qalacaq».
4 Mən Navuxodonosor öz evimdə – sarayımda rahat və naz-nemət içində yaşayırdım.
5 Ancaq bir gün məni qorxudan bir yuxu gördüm. Yatarkən düşüncələrim və gördüyüm görüntülər məni vahiməyə saldı.
6 Ona görə də əmr etdim ki, yuxunu yozmaq üçün bütün Babil müdriklərini hüzuruma çağırsınlar.
7 Onda sehrbazlar, ruhçağıranlar, Xaldeyli müdriklər və əlamət baxıcıları gəldi. Mən yuxumu danışdım, ancaq onlar yuxunu yoza bilmədi.
8 Nəhayət, allahımın adı ilə Belteşassar adlanan və müqəddəs allahların ruhuna malik olan Daniel hüzuruma gəldi. Mən yuxumu ona danışaraq dedim:
9 «Ey sehrbazların ən böyüyü Belteşassar! Bilirəm ki, səndə müqəddəs allahların ruhu var və sənin üçün hər hansı bir sirri açmaq çətin deyil. İndi yuxuda gördüyüm görüntüləri və onların yozumunu mənə söylə.
10 Yatarkən belə yuxu görmüşdüm: dünyanın ortasında çox hündür bir ağac var idi.
11 Ağac o qədər böyüdü və möhkəmləndi ki, başı göylərə çatdı. O, dünyanın hər tərəfindən görünürdü.
12 Onun gözəl yarpaqları və çoxlu meyvələri var idi, üstündə hər kəs üçün qida var idi. Ağacın altında çöl heyvanları kölgə tapır, budaqlarında göy quşları yuva salır və bütün canlı məxluqlar onunla qidalanırdı.
13 Yatarkən yuxumda gördüm ki, göylərdən qoruyucu, müqəddəs bir mələk endi.
14 O ucadan elan edib dedi: “Bu ağacı kəsin, budaqlarını qırın, yarpaqlarını yolun və meyvəsini səpələyin. Qoy heyvanlar onun altından, quşlar isə budaqlarından qaçsın.
15 Ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və heyvanlarla birgə yerin otu ilə qidalansın.
16 Onun insan ağlı əlindən alınsın və ona heyvan ağlı verilsin. Yeddi il keçənə qədər belə qalsın.
17 Qoruyucu mələklər belə əmr edib, müqəddəs mələklər belə qərara gəlib ki, indi yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir və insanlar arasında ən aşağı olanı onlara başçı qoyur”.
18 Mən padşah Navuxodonosor belə bir yuxu gördüm. Ey Belteşassar, sən bu yuxunu yoz, çünki padşahlığımın müdrik adamlarından heç biri bu yuxunu yoza bilmir. Sən isə bunu edə bilərsən, çünki səndə müqəddəs allahların ruhu var».
19 O zaman Belteşassar adlanan Daniel bir müddət heyrət içində qaldı və fikirləri onu vahiməyə saldı. Padşah belə dedi: «Ey Belteşassar, bu yuxu və onun yozumu səni vahiməyə salmasın». Belteşassar cavab verdi: «Ey ağam, bu yuxu sənə nifrət edənlərin, onun yozumu sənin düşmənlərinin nəsibi olsun!
20 Sənin gördüyün böyük və möhkəm olan, başı göylərə çatan və dünyanın hər tərəfindən görünən,
21 yarpaqları gözəl, meyvələri çox və hər kəs üçün qidası olan, altında çöl heyvanları kölgə tapan və budaqlarında göy quşları yuva quran
22 ağac sənsən, ey padşah. Sən böyüyüb möhkəmləndin, əzəmətin artıb göylərə, hakimiyyətin dünyanın hər tərəfinə çatdı.
23 Padşah gördü ki, qoruyucu, müqəddəs bir mələk göylərdən enib dedi: “Bu ağacı kəsib xarab edin, ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və yeddi il keçənə qədər çöl heyvanları ilə birgə qidalansın”.
24 Ey padşah, yuxunun yozumu və Allah-Taalanın ağam padşaha qarşı hökmü belədir:
25 sən insanlar arasından qovulacaqsan, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər, göylərin şehi ilə islanacaqsan. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən.
26 Ağacın kötüyü ilə köklərinin qalması barədə olan fərmanın mənası budur ki, sən göylərin hökmranlıq etdiyini dərk edəndən sonra padşahlığın sənə qaytarılacaq.
27 Ey padşah, buna görə də sən mənim məsləhətimi qəbul et: ədalətlə rəftar etməklə günahlarından, yoxsullara mərhəmət etməklə təqsirlərindən vaz keç. Bəlkə bununla sənin əmin-amanlığının müddəti uzadılar».
28 Bütün bunlar padşah Navuxodonosorun başına gəldi.
29 On iki ay keçəndən sonra Babildəki sarayının damında gəzən padşah dedi:
30 «Bu, şan-şöhrətim üçün böyük qüdrətimlə paytaxt kimi tikdiyim böyük Babil deyilmi?»
31 Söz padşahın ağzından çıxmamışdı ki, göylərdən səs gəldi: «Ey padşah Navuxodonosor, sənə deyilir ki, padşahlığın əlindən alındı.
32 Sən insanlar arasından qovulacaq, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən».
33 Deyilən hadisələr o saat Navuxodonosorun başına gəldi: o, insanlar arasından qovuldu, öküz kimi ot yeməyə başladı və göylərin şehi ilə islandı. Onun tükü qartal tükü kimi, dırnağı quş dırnağı kimi uzandı.
34 «O günlərin sonunda mən Navuxodonosor üzümü göylərə tutdum və ağlım başıma qayıtdı. Allah-Taalaya həmd etdim, Əbədi Yaşayanı mədh edib izzətləndirdim. Onun hökmranlığı əbədidir, Padşahlığı nəsildən-nəslə qalır.
35 Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.
36 O zaman ağlım başıma gəldi. Padşahlığımın izzəti üçün cah-calalım yenə özümə qayıtdı. Müşavirlərim və əyanlarım məni axtarıb tapdı. Mən yenə öz taxtıma qayıtdım və əzəmətim daha da artdı.
37 İndi isə mən Navuxodonosor göylərin Padşahına həmd edirəm və Onu mədh edib izzətləndirirəm, çünki Onun bütün işləri həqiqət, əməlləri ədalətlidir və qürurla gəzənləri alçaltmağa qüdrəti var».