< Amos 9 >
1 Xudavəndi qurbangah yanında duran gördüm. O dedi: “Sütun başlıqlarını elə vur ki, Astanalar sarsılsın. Binanı hamının başına uçur. Sağ qalanları Mən qılıncdan keçirəcəyəm. Onlardan heç kim qaçıb qurtula bilməz.
2 Ölülər diyarına girsələr belə, Onları orada ələ keçirəcəyəm. Göylərə qalxsalar belə, Onları endirəcəyəm. (Sheol )
3 Karmel dağının təpəsində gizlənsələr belə, Onları axtarıb oradan götürəcəyəm. Gözümdən yayınıb dənizin dibinə girsələr belə, İlana əmr edəcəyəm ki, onları sancsın.
4 Düşmən önündə əsir aparılsalar belə, Qılınca əmr edəcəyəm ki, onları qırsın. Gözlərimi yaxşılıq üçün deyil, Pislik üçün onların üzərinə dikəcəyəm”.
5 Ordular Rəbbi Xudavənd toxunub yeri titrədər, Orada yaşayan hər kəsi yasa batırar, Bütün yer Nil çayı kimi qabarar, Misirdəki Nil çayı kimi çəkilər.
6 Otaqlarını göylərdə tikən, Qübbəsini yer üzündə quran, Dəniz sularını götürüb yer üzünə tökən Odur – Onun adı Rəbdir.
7 Rəbb bəyan edir: “Ey İsraillilər! Mənim üçün Kuşlular kimi deyilsinizmi? Siz İsrailliləri Misir torpağından çıxaran kimi Filiştliləri Kaftordan, Aramlıları Qirdən çıxarmadımmı?
8 Budur, Xudavənd Rəbbin gözləri bu günahkar ölkəyə dikilir. Onları yer üzündən silib-atacağam. Amma Yaqub nəslini tamamilə silib-atmayacağam” Rəbb belə bəyan edir.
9 “Çünki, budur, Mən belə əmr edirəm: Mən İsrail nəslini bütün millətlər arasında xəlbirdən keçirəcəyəm. Xəlbirləyəndə bir çınqıl belə, yerə düşməyəcək.
10 Xalqımdan bütün günah işlədənlər, Mənə ‹bəla bizə yaxınlaşmaz, bizə rast gəlməz› deyənlərin hamısı qılıncdan keçiriləcək.
11 Həmin gün Davudun yıxılan çadırını bərpa edəcəyəm. Onun dəlmə-deşiklərini tutub cırılan yerlərini tikəcəyəm. Onu əvvəlki halına salacağam,
12 ona görə ki qalan Edomlulara və Mənim adımla çağırılan bütün millətlərə sahib olsunlar” Rəbb belə bəyan edir.
13 Rəbb bəyan edir: “Budur, elə günlər gələcək ki, Kotan sürən biçinçiyə yetişəcək, Üzüm sıxan meynə əkənlə rastlaşacaq, Dağlardan şirin şərab damacaq, Bütün təpələrdən də axacaq.
14 Xalqım İsraili əsirlikdən qaytaracağam, Viran şəhərləri tikib məskən salacaqlar. Üzümlüklər əkib şərabını içəcəklər, Bağlar salıb meyvəsindən yeyəcəklər.
15 Onları özlərinin torpağında yerləşdirəcəyəm, Onlara verdiyim torpaqdan bir daha kənara atılmayacaqlar” Allahın Rəbb belə deyir».