< Amos 6 >
1 Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar, İsrail nəslinin müraciət etdiyi Millətlər arasında adlı-sanlılar!
2 Kalneyə keçib görün, Oradan böyük Xamata gedin, Filiştlilərin Qat şəhərinə gəlin. Onların halı bu ölkələrdən daha yaxşıdırmı? Onların ərazisi sizinkindən böyükdürmü?
3 Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar!
4 Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, Yataqlarda uzanıb, Sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər!
5 Çəng çalıb bədahətən oxuyanlar, Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər,
6 Piyalə-piyalə şərab içənlər, Bədənlərinə əla yağlar sürtənlər, Lakin Yusif nəslinin qırğınına görə Narahat olmayanlar!
7 Bundan ötrü indi sürgünə Başda siz gedəcəksiniz. Keflənib yayxananların ziyafəti başa çatacaq.
8 Xudavənd Rəbb Öz haqqına and içir, Ordular Allahı Rəbb bəyan edir: “Yaqub nəslinin qüruruna nifrət edirəm, Qalalarından zəhləm gedir. İçində olanlarla birlikdə Paytaxtlarını təslim edəcəyəm”.
9 Əgər bir evdə on nəfər qalsa, onlar da öləcək.
10 Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”.
11 Çünki Rəbb əmr edəndə böyük evlər parça-parça olub yıxılacaq, kiçik komalar da qırıq-qırıq olub dağılacaq.
12 Qaya üzərində atlar çaparmı? Orada kim öküzlərlə kotan sürər? Siz isə ədaləti zəhərə döndərmisiniz, Bəraəti də acıya çevirmisiniz.
13 Ey Lo-Devarı tutub “Qarnayimi öz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar!
14 Ordular Allahı Rəbb belə bəyan edir: “Budur, ey İsrail nəsli! Mən sizə qarşı bir millət çıxarıram. Xamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm edəcək”.