< Amos 2 >
1 Rəbb belə deyir: “Moavlıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Edom padşahının sümüklərini yandırıb əhəng hazırladı.
2 Buna görə də Moava od yağdıracağam ki, Qeriyotun qalalarını yandırıb-yaxsın. Moav qışqırtı və şeypur səsi altında, Səs-küylə məhv olacaq.
3 Onların arasından hakimləri kəsib-atacağam, Bütün başçılarını da öldürəcəyəm” Rəbb belə deyir.
4 Rəbb belə deyir: “Yəhudalıların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Rəbbin qanununa xor baxıb qaydalarına riayət etmədi, Atalarının sitayiş etdiyi saxta bütlər onları da yollarından azdırdı.
5 Buna görə də Yəhudaya od yağdıracağam ki, Yerusəlimin qalalarını yandırıb-yaxsın”.
6 Rəbb belə deyir: “İsraillilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar düz adamları pula, Möhtacları da bir cüt çarığa satır,
7 Yoxsulları toz-torpağın içinə salıb əzir, Məzlumlara yol vermir. Ata və oğul eyni qızla yatıb Müqəddəs adımı ləkələyir.
8 İsraillilər hər qurbangahın yanında Girov götürdükləri paltarın üzərində yatır, Özlərinin Allahının məbədində Cərimə üçün gətirilən şərabı içirlər.
9 Amma Mən sidr ağacı kimi hündür, Palıd ağacı kimi möhkəm olan Emorluları qarşınızda yox etdim, Yuxarıdan bəhrəsini, aşağıdan kökünü kəsdim.
10 Mən sizi Misir torpağından çıxarıb Qırx il çöldə gəzdirmişdim ki, Siz Emorluların torpağına sahib olasınız.
11 Oğullarınızdan peyğəmbərlər, Cavanlarınızdan Nəzirilər təyin etdim. Ey İsraillilər, bu belə deyilmi?” Rəbb bəyan edir.
12 “Siz isə Nəzirilərə şərab içirdiniz, Peyğəmbərlərə ‹peyğəmbərlik etmə› əmri verdiniz.
13 Dərzlə dolu olan araba torpağı necə əzirsə, Mən də sizi elə əzəcəyəm.
14 Bərk qaçan qaça bilməyəcək, Qüvvətli isə gücünü göstərə bilməyəcək. İgid canını qurtara bilməyəcək,
15 Yay çəkən də mövqe tuta bilməyəcək. Ayaqdan çevik olan qurtula bilməyəcək, Süvari də canını qurtara bilməyəcək.
16 Hətta ən igid döyüşçü belə, O gün əliyalın qaçacaq” Rəbb belə bəyan edir.