< Amos 1 >
1 Bu, Teqoada sürü sahiblərindən biri olan Amosun sözləridir. O, Yəhuda padşahı Uzziyanın və İsrail padşahı Yoaş oğlu Yarovamın dövründə – böyük zəlzələdən iki il qabaq İsrail barədə belə görüntü görmüşdü.
2 Amos belə dedi: «Rəbb Siondan nərə çəkir, Yerusəlimdən guruldayır. Bundan otlaqlar solur, Karmel dağının başı quruyur.
3 Rəbb belə deyir: “Dəməşqlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar Gileadı dəmirdişli vəllərlə döydü.
4 Buna görə də Xazaelin sarayına od yağdıracağam ki, Ben-Hadadın qalalarını yandırıb-yaxsın.
5 Dəməşqin darvazalarının sürgülərini qıracağam, Aven dərəsindən əhalini silib-atacağam, Bet-Edendən əsa gəzdirəni kəsəcəyəm, Aram xalqı Qirə sürgünə aparılacaq” Rəbb belə deyir.
6 Rəbb belə deyir: “Qəzzəlilərin üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam. Çünki onlar bütün camaatı əsir edib Edoma təslim etdi.
7 Buna görə də Qəzzənin divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın.
8 Aşdoddan əhalini silib-atacağam, Aşqelondan əsa gəzdirəni kəsəcəyəm. Eqrona qarşı əlimi qaldıracağam, Qalan Filiştlilər də yox olacaqlar” Xudavənd Rəbb belə deyir.
9 Rəbb belə deyir: “Surluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar bütün camaatı Edoma əsir edib qardaşlıq əhdini pozdu.
10 Buna görə də Surun divarlarına od yağdıracağam ki, Oranın qalalarını yandırıb-yaxsın”.
11 Rəbb belə deyir: “Edomluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar mərhəmət hissini qılıncla boğub qardaş xalqı qovdular, Heç vaxt azğınlıqlarının qarşısını almadılar və yırtıcılıq etdilər.
12 Buna görə də Temana od yağdıracağam ki, Bosranın qalalarını yandırıb-yaxsın”.
13 Rəbb belə deyir: “Ammonluların üç-dörd qat günahına görə Onları cəzasız buraxmayacağam, Çünki onlar ərazilərini genişləndirmək üçün Gileadda hamilə qadınların qarınlarını yırtdılar.
14 Buna görə də Rabbanın divarına od vuracağam ki, Oranın qalalarını yandırıb-yaxsın. Bu yer döyüş zamanı qışqırtı ilə, Qasırğa günü fırtına ilə dağılacaq.
15 Onların padşahları ilə başçıları Birgə sürgünə aparılacaq” Rəbb belə deyir.