< Ikinci Şamuel 4 >
1 Şaul oğlu İş-Boşet Avnerin Xevronda öldürüldüyünü eşidəndə əlləri sustaldı və bütün İsraili dəhşət bürüdü.
2 Şaul oğlu İş-Boşetin dəstə başçısı olan iki adamı var idi. Bunlar Binyamin övladlarından olan Beerotlu Rimmonun oğulları olub, birinin adı Baana, o birinin adı isə Rekav idi. Beerot da Binyaminin bir hissəsi sayılır.
3 Beerotlular Gittayimə qaçmışdı və bu günə qədər orada qəriblikdə yaşayırlar.
4 Şaul oğlu Yonatanın ayaqdan şikəst bir oğlu var idi. İzreeldən Şaulla Yonatanın ölüm xəbəri çatanda onun beş yaşı var idi. Dayəsi onu götürüb qaçdı. Tələsib qaçanda uşaq əlindən düşüb topal oldu. Bu uşağın adı Mefiboşet idi.
5 İş-Boşet günorta vaxtı dincələndə Beerotlu Rimmonun oğulları Rekav və Baana yola çıxıb günortanın isti çağında onun evinə çatdılar.
6 Rekav qardaşı Baana ilə buğda daşıyanlar görkəmində evə girdilər və İş-Boşeti qarnından vurub aradan çıxdılar.
7 Onlar evə girəndə İş-Boşet yataq otağında, öz yatağında yatırdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Arava yolu ilə getdilər.
8 İş-Boşetin başını Xevrona Davudun yanına gətirdilər və padşaha dedilər: «Budur, sənin canına qəsd etmək istəyən düşmənin Şaul oğlu İş-Boşetin başı! Rəbb Şauldan və onun övladlarından ağam padşaha bu gün qisaslar ehsan etdi».
9 Davud Beerotlu Rimmonun oğullarına – Rekavla qardaşı Baanaya belə cavab verdi: «Canımı hər cür bəlalardan qurtaran var olan Rəbbə and olsun,
10 Ziqlaqda olanda özünə görə guya müjdə verərək “budur, Şaul öldü” deyə birisi mənə xəbər gətirmişdi. Buna görə də onu yaxalayıb öldürdüm. Ona gətirdiyi xəbərə görə mükafatım bu oldu.
11 İndi şər adamlar bir günahsızı öz evində, yatağı üstündə öldürərkən sizdən onun qan qisasını alıb sizi yer üzündən yox etməyəcəyəmmi?»
12 Sonra Davud nökərlərinə əmr etdi, nökərlər onları öldürdü və əl-ayaqlarını kəsib Xevrondakı gölməçənin yanından asdı. İş-Boşetin başını isə götürüb Xevronda Avnerin qəbrinin yanında basdırdılar.