< Ikinci Şamuel 20 >
1 Elə bu zamanlar Binyaminli Bikri oğlu Şeva adında yaramaz bir adam təsadüfən Qilqalda idi. O, şeypur çalıb dedi: «Bizim Davudla şərikliyimiz yoxdur. Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, hərə öz çadırına!»
2 Bütün İsraillilər də Davudu atıb Bikri oğlu Şevanın ardınca getdi. Lakin Yəhudalılar padşahları Davuda sadiq qalaraq İordan çayından Yerusəlimə qədər onu müşayiət etdi.
3 Padşah Davud Yerusəlimdəki evinə gedib on qadını – sarayı qorumaq üçün saxladığı cariyələri götürərək öz nəzarəti altında saxladı və onların yaşayışını təmin etdi, lakin yanlarına girmədi. Ölənə qədər bu qadınlar dul kimi qalaraq qapalı saxlandılar.
4 Padşah Amasaya dedi: «Üç gün ərzində Yəhudalıları mənim yanıma çağır və özün də burada ol».
5 Amasa Yəhudalıları bir yerə çağırmaq üçün getdi, lakin onun üçün təyin olunan vaxtda geri qayıtmadı.
6 Davud Avişaya dedi: «İndi Bikri oğlu Şeva bizə Avşalomdan daha çox ziyan vuracaq. Sən ağanın qullarını götür, onu təqib etməyə get. Yoxsa o özünə qala divarlı şəhərlər tapar və gözümüzdən qaçar».
7 Beləcə Yoavın adamları, Keretlilərlə Peletlilər və bütün cəngavərlər Bikri oğlu Şevanı təqib etmək üçün Avişayın başçılığı altında Yerusəlimdən çıxdılar.
8 Onlar Giveondakı böyük qayanın yanında olanda Amasa onları qarşılamağa gəldi. Yoav döyüş libasını geymişdi və paltarının üstündə kəməri var idi. Kəmərinə bağlı qınında olan bir qılınc belində idi. O irəliyərkən qılınc qınından çıxdı.
9 Yoav Amasaya dedi: «Qardaşım, yaxşısanmı?» Sonra Yoav onu öpmək üçün sağ əli ilə Amasanın saqqalından yapışdı.
10 Amasa isə Yoavın sol əlindəki qılınca əhəmiyyət vermədi. Yoav qılıncı ilə Amasanın qarnından vurub bağırsaqlarını yerə elə tökdü ki, ikinci zərbəyə ehtiyac qalmadan Amasa öldü. Yoavla qardaşı Avişay Bikri oğlu Şevanı təqib etdilər.
11 Yoavın adamlarından biri onun yanında durub dedi: «Kim Yoavdan razıdırsa, kim Davudun tərəfindədirsə, Yoavın ardınca gəlsin».
12 Amasa əsas yolun ortasında qan içində üzürdü. Yoavın tərəfdarı həmin adam gördü ki, Amasanın cəsədinin yanına gələn hər kəs dayanır. Xalqın dayandığını gördüyü üçün cəsədi böyük yoldan götürüb çölə apararaq üstünə bir paltar atdı.
13 Amasa böyük yoldan götürüləndən sonra hamı Bikri oğlu Şevanı təqib etmək üçün Yoavın ardınca getdi.
14 Şeva Avel-Bet-Maaka və bütün Berim diyarlarına qədər bütün İsrail qəbilələrinin içərisindən keçdi və bütün camaat yığılıb onun ardınca getdi.
15 Yoavın yanındakı bütün xalq gəlib Şevanın qaldığı Avel-Bet-Maaka şəhərini mühasirəyə aldı və şəhərin qarşısında bir torpaq qalağı tökdü. Onlar divarı uçurtmaq üçün lağım atarkən
16 bir ağıllı qadın şəhərdən qışqırıb dedi: «Qulaq asın! Qulaq asın! Rica edirəm, Yoava söyləyin ki, buraya yaxınlaşsın, ona sözüm var».
17 Yoav ona yaxınlaşanda qadın «Yoav sənsən?» dedi. O «bəli, mənəm» dedi. Qadın ona dedi: «Sən bu kənizinin sözünə qulaq as». Yoav «eşidirəm səni» dedi.
18 Qadın sözünə davam etdi «Qədim zamanlarda “Aveldə məsləhət alın” deyərdilər və işləri belə həll edərdilər.
19 Mən İsrailin rifahını istəyən sadiq adamlardan biriyəm. Sən İsraildə şəhərlərin anası olan bir şəhəri dağıtmaq istəyirsən. Axı nə üçün Rəbbin irsini məhv etmək istəyirsən?»
20 Yoav cavab verdi: «Dağıtmaq yaxud məhv etmək niyyəti məndən uzaq, qoy uzaq olsun!
21 İş burasındadır ki, Efrayimin dağlıq bölgəsindən Bikri oğlu Şeva adlı bir adam padşah Davuda qarşı üsyan qaldırıb. Yalnız onu bizə verin, mən də bu şəhərdən çəkilim». Qadın Yoava dedi: «Onun başı şəhər divarından sənə atılacaq».
22 Qadın ağıllı tərpənib xalqının yanına getdi. Onlar da Bikri oğlu Şevanın başını kəsib Yoava atdı. Bundan sonra Yoav şeypur çaldı və ordu şəhərin mühasirəsindən çəkildi. Hamı öz evinə qayıtdı. Yoav isə Yerusəlimə – padşahın yanına qayıtdı.
23 Yoav bütün İsrail ordusunun başçısı idi. Yehoyadanın oğlu Benaya Keretlilərin və Peletlilərin qabağında idi.
24 Adoram mükəlləfiyyətçilərin başçısı və Axilud oğlu Yehoşafat salnaməçi idi.
25 Şeva mirzə, Sadoqla Evyatar kahin,
26 Yairli İra isə Davudun kahini idi.