< Ikinci Şamuel 19 >
1 Yoava «budur, padşah Avşalom üçün ağlayır və yas tutur» deyə bildirildi.
2 O gün qələbə xalq üçün yasa çevrildi, çünki bütün xalq eşitdi ki, padşah oğlu üçün kədərlidir.
3 Fərari döyüşdən qaçandan sonra utanan oğru kimi necə geri qayıdırsa, o gün ordu da şəhərə o cür oğru kimi qayıtdı.
4 Padşah üzünü örtüb fəryadla çığırırdı: «Oğlum Avşalom, ey Avşalom, oğlum, oğlum!»
5 Yoav saraya – padşahın yanına gəlib dedi: «Bu gün sənin canını, oğullarının, qızlarının və cariyələrinin canlarını xilas edən bütün qullarını xəcalətli etdin.
6 Çünki sənə nifrət edənləri sevib, səni sevənlərə isə nifrət edirsən. Bu gün sən aşkar etdin ki, başçıların və zabitlərin sənin gözündə əhəmiyyətsizdir. Mən bu gün başa düşdüm ki, əgər Avşalom sağ qalıb, biz hamımız bu gün ölsəydik, bundan razı qalardın.
7 İndi isə qalx ayağa, xalqın qarşısına çıx, adamlarının könlünü al. Çünki mən Rəbbin haqqı üçün and içirəm, xalqın qarşısına çıxmasan, bu gecə səninlə bir nəfər belə, qalmayacaq. Bu da sənin üçün uşaqlıqdan indiyədək başına gələn müsibətlərin hamısından betər olacaq».
8 Padşah qalxıb darvazada oturdu. Bütün xalqa «budur, padşah darvaza ağzında oturub» deyə bildirdilər və bütün camaat padşahın qarşısına gəldi. Bu vaxt İsraillilərin hamısı öz evlərinə dağılmışdı.
9 İsrailin bütün qəbilələrində hər kəs mübahisə edib deyirdi: «Padşah bizi düşmənlərimizin əlindən qurtardı və Filiştlilərin əlindən xilas etdi. İndi isə Avşaloma görə o bu ölkədən qaçdı.
10 Bizə hakim olmaq üçün məsh etdiyimiz Avşalom isə döyüşdə öldü. İndi padşahı geri qaytarmaq barədə niyə susursunuz?»
11 Padşah Davud kahin Sadoq və kahin Evyatara bu xəbəri göndərib dedi: «Yəhuda ağsaqqallarına belə deyin: “Padşahı evinə qaytarmaqda siz niyə axıra qalırsınız? Bütün İsraildə gəzən söz-söhbət padşahın qulağına çatmışdır.
12 Siz mənim qardaşlarım, ətimdən, sümüyümdənsiniz. Niyə padşahı geri qaytarmaqda axıra qalmısınız?”
13 Amasaya da deyin ki, məgər sən də mənim ətimdən, sümüyümdən deyilsənmi? Daim mənim qarşımda Yoavın yerinə ordu başçısı olmasan, qoy Allah mənə beləsini və bundan betərini etsin».
14 Beləliklə o, bir nəfər kimi bütün Yəhudalıların könlünü aldı və onlar padşahın yanına adam göndərib dedilər: «Ey padşah, sən bütün qullarınla bərabər geri qayıt».
15 Padşah geri qayıtdı və İordan çayına çatdı. Yəhudalılar padşahı qarşılamaq və onu İordan çayından keçirmək üçün Qilqala gəldilər.
16 Baxurimdən olan Binyaminli Geranın oğlu Şimey də Yəhuda adamları ilə birgə padşah Davudu qarşılamaq üçün cəld tərpənib aşağı endi.
17 Onun yanında Binyamindən min nəfər və Şaul evinin xidmətçisi Siva ilə on beş oğlu və iyirmi qulu var idi. Onlar İordan çayına tərəf – padşahın qarşısına çıxmağa tələsdilər.
18 Padşahın külfətini çaydan keçirmək və onu razı salmaq üçün qayıqla o tay-bu taya keçirtdilər. Gera oğlu Şimey padşah İordan çayını keçən kimi onun qabağında yerə sərildi.
19 O, padşaha dedi: «Qoy ağam məni günahkar saymasın və ağam padşah Yerusəlimdən çıxdığı gün bu qulunun etdiyi azğınlığı ürəyinə salıb xatırlamasın.
20 Çünki günah etdiyimi bu qulun özü də bilir və budur, ağam padşahı qarşılamaq üçün bütün Yusif nəslindən hamıdan əvvəl bu gün mən gəlmişəm».
21 Lakin Seruya oğlu Avişay cavab verib dedi: «Sən Rəbbin məsh etdiyinə lənət yağdırdın. Ona görə sən Şimey öldürülməlisən».
22 Davud dedi: «Ey Seruya oğulları, məndən sizə nə? Niyə mənə düşmənçilik edirsiniz? Heç bu gün də İsraildə kimi isə öldürmək olarmı? Məgər mən bilmirəm ki, bu gün İsrailin padşahı mənəm?»
23 Padşah sonra Şimeyə dedi: «Sənə ölüm yoxdur». Buna görə padşah ona and içdi.
24 Şaulun nəvəsi Mefiboşet padşahı qarşılamağa gəldi. Padşah gedən gündən evinə sağ-salamat qayıdan günə qədər o, ayaqlarına baxmamış, bığlarını kəsməmiş və paltarlarını yumamışdı.
25 Padşahı qarşılamaq üçün Yerusəlimə gələn zaman padşah ona dedi: «Mefiboşet, bəs niyə sən də mənimlə getmədin?»
26 O isə cavab verib dedi: «Ey ağam padşah, xidmətçim məni aldatdı, çünki bu qulun demişdi ki, padşahla bərabər getmək üçün eşşəyə palan vurub üstünə minim. Axı qulun şikəstdir.
27 Lakin xidmətçim ağam padşahın qarşısında quluna böhtan atdı. Ağam padşah Allahın mələyi kimidir. İndi sənin gözündə nə xoşdursa, mənə et.
28 Atamın bütün evi ağam padşahın önündə ölümdən başqa bir şeyə layiq deyilkən sən bu qulunu öz süfrəndə yemək yeyənlər arasında qoydun. Artıq padşahdan bir şey istəməyə nə haqqım var ki?»
29 Padşah ona dedi: «Öz işlərin haqqında nə üçün sözü uzadırsan? Sən və Siva torpağı öz aranızda bölün, deyirəm».
30 Mefiboşet padşaha dedi: «İndi ki padşah öz sarayına salamat gəldi, qoy hər şeyi o götürsün».
31 Gileadlı Barzillay Rogelimdən gəlmişdi. Padşahı İordan çayından keçirmək üçün onunla bərabər o da İordan çayına qədər getdi.
32 Barzillay səksən yaşına çatmış, yaşlanmışdı. Padşah Maxanayimdə qalan zaman Barzillay onun dolanacağını təmin etmişdi, çünki o çox böyük adam idi.
33 Padşah Barzillaya dedi: «Mənimlə bərabər çayı keç, səni Yerusəlimdə öz yanımda dolandırım».
34 Barzillay padşaha dedi: «Ömrümün illəri və günlərinin tamamına nə qalıb ki, padşahla bərabər Yerusəlimə qalxım?
35 Mənim bu gün səksən yaşım var, yaxşını pisdən ayıra bilirəmmi? Bu qulun heç yediyinin, içdiyinin dadını bilirmi? Kişi və qadın xanəndələrinin səsini eşidə bilərəmmi? Belə isə, nə üçün bu qulun ağam padşaha artıq yük olsun?
36 Bu qulun ancaq padşahla İordan çayını keçib bir az yol getmək istəyir. Axı niyə görə padşah mənə belə mükafat versin?
37 Qoy mən qulun qayıdıb öz şəhərimdə – ata-anamın qəbrinin yanında ölüm. Lakin budur, qulun Kimham, qoy o, ağam padşahla çayı keçsin və sən də gözündə xoş görünəni onun üçün et».
38 Padşah dedi: «Kimham mənimlə bərabər o taya keçəcək, sənin gözündə xoş olanı onun üçün edəcəyəm. Məndən umduğun hər şeyi sənin üçün edəcəyəm».
39 Bütün xalq İordan çayını keçdi. Padşah da çayı keçdi. Sonra padşah Barzillayı öpdü və ona xeyir-dua verdi. O da öz yerinə qayıtdı.
40 Padşah Qilqala tərəf yolunu davam etdirdi və Kimham da onunla bir getdi. Bütün Yəhuda xalqı və İsrail xalqının yarısı padşahı müşayiət edirdi.
41 Bütün İsraillilər padşahın yanına gəlib və padşaha dedi: «Nə üçün qardaşımız Yəhudalılar səni oğurladılar? Nə üçün padşah Davudla külfətini və yanındakı bütün adamları İordan çayından keçirtdilər?»
42 Bütün Yəhudalılar İsraillilərə cavab verdilər: «Çünki padşah qohumumuzdur. Belə isə nə üçün bundan qəzəblənirsiniz? Biz padşah kasasından bir şey yedikmi? Yaxud padşah bizə bir hədiyyə verdimi?»
43 İsraillilər Yəhudalılara cavab verib dedilər: «Padşah bizə sizdən on qat artıq yaxındır. Davudda bizim sizdən də artıq haqqımız var. Axı niyə bizə xor baxırsınız? Padşahı geri qaytarmaqdan ilk bəhs edən biz deyildikmi?» Lakin Yəhudalılar İsraillilərdən daha ötkəm danışırdılar.