< Ikinci Şamuel 18 >
1 Davud yanındakı xalqı saydı. Onların üzərinə minbaşılar və yüzbaşılar təyin etdi.
2 Davud xalqı üç dəstəyə böldü. Birincisinə Yoavı, ikincisinə Yoavın qardaşını – Seruya oğlu Avişayı, üçüncüsünə isə Qatlı Yettayı başçı etdi. Padşah xalqa dedi: «Mütləq mən də sizinlə bərabər döyüşə çıxacağam».
3 Lakin xalq ona dedi: «Yox, sən döyüşə çıxmayacaqsan, çünki əgər biz qaçsaq, bizə əhəmiyyət verməzlər, yarımız ölsək belə, yenə də əhəmiyyəti olmaz. Ancaq sən bizim on minimizdən də qiymətlisən və indi şəhərdə qalıb bizə kömək etməyə hazır olmağın daha yaxşıdır».
4 Padşah onlara dedi: «Sizin gözünüzdə yaxşı sayılan nədirsə, onu edəcəyəm». Padşah darvazanın yanında dayandı və bütün xalq yüz-yüz, min-min şəhərdən çıxdı.
5 Padşah Yoava, Avişaya və Yettaya müraciətlə əmr edib dedi: «Mənim xatirimə o cavanla – Avşalomla mülayim davranın!» Padşahın Avşalomla əlaqədar bütün bu rəislərə müraciətlə əmrini bütün xalq eşitdi.
6 Ordu çölə, İsrail xalqına qarşı döyüşə çıxdı və döyüş Efrayim meşəsində oldu.
7 İsrail xalqı orada Davudun adamları qarşısında məğlub oldu. O gün o yerdə böyük qırğın oldu, iyirmi min nəfər qırıldı.
8 Orada olan döyüş bütün ətrafa yayıldı və həmin gün qılıncla qırılanlardan çox meşədə qırılanlar oldu.
9 Avşalom Davudun adamlarına rast gəldi. O, qatıra minmişdi və qatır böyük bir palıd ağacının sıx budaqları altından keçəndə Avşalomun saçı palıd ağacına ilişdi. O, göylə yer arasında asılı qaldı, altındakı qatır isə yoluna davam etdi.
10 Bir nəfər bunu görüb Yoava xəbər verdi: «Bax Avşalomun bir palıd ağacından asıldığını gördüm».
11 Yoav ona xəbər verən adama dedi: «Bəs sən gördünsə, nə üçün onu oradaca vurub yerə sərmədin? Onda mən sənə on şekel gümüş və bir kəmər verərdim».
12 Həmin adam Yoava dedi: «Ovcuma min gümüş alsam belə, padşahın oğluna əl qaldırmaram. Çünki sənə, Avişaya və Yettaya “mənim xatirimə o cavana – Avşaloma qıymayın” deyə əmr etdiyini qulaqlarımızla eşitdik.
13 Əgər mən xəyanət edib onun canını almış olsaydım, heç bir şey padşah üçün gizli qalmazdı və sən də mənə kömək etməzdin».
14 Yoav «səninlə belə vaxt itirə bilmərəm» dedi. Avşalom palıd ağacının içində hələ sağ ikən Yoav əlinə üç mizraq alıb onun sinəsinə sapladı.
15 Yoavın silahlarını daşıyan on nəfər cavan adam Avşalomu əhatə edərək onu vurub öldürdü.
16 Yoav şeypur çaldı və ordu İsrailliləri təqib etməkdən əl çəkdi, çünki Yoav buna mane oldu.
17 Avşalomu isə götürüb meşədəki dərin çuxura atdılar və üstünə böyük daş qalağı yığdılar. Sonra İsraillilər öz evlərinə dağılışdılar.
18 Avşalom hələ sağ ikən bir sütunu götürüb özü üçün tikdirmişdi, çünki «adımı yaşadan bir oğlum olmadı» deyərək həmin sütuna öz adını qoymuşdu. Bu sütun Padşah Vadisindədir və bu günə qədər ona Avşalomun abidəsi deyilir.
19 Sadoq oğlu Aximaas dedi: «Qoy qaçım, padşahın haqqını düşmənlərin əlindən Rəbbin necə aldığını padşaha müjdələyim».
20 Yoav ona dedi: «Sən bu gün müjdəçi olmayacaqsan, müjdəni başqa gün verəcəksən. Bu gün vermə, ona görə ki padşahın oğlu ölüb».
21 Yoav Kuşlu kişiyə dedi: «Get, bütün gördüklərini padşaha xəbər ver». Kuşlu kişi Yoavın qarşısında baş əydi və qaçdı.
22 Sadoq oğlu Aximaas yenə Yoava dedi: «Nə olursa-olsun, qoy mən də Kuşlu kişinin ardınca qaçım». Yoav dedi: «Axı nə üçün qaçırsan, oğlum? Getdiyin üçün mükafat almayacaqsan».
23 O dedi: «Nə olursa-olsun, qaçacağam». Yoav ona «Yaxşı, qaç» dedi. Aximaas hövzə yolu ilə qaçıb Kuşlu kişini ötdü.
24 Davud içəri və çöl darvazaların arasında oturmuşdu. Növbətçi divara, darvazanın üstünə çıxdı, başını qaldırıb gördü ki, bir adam təkbaşına qaçır.
25 Növbətçi qışqıraraq padşaha xəbər verdi. Padşah dedi: «Əgər o tək gəlirsə, müjdə gətirir». Həmin adam getdikcə yaxınlaşırdı.
26 Növbətçi qaçan başqa bir adam gördü və qapıçıya qışqırıb «bax təkbaşına qaçan daha bir adam da gəlir» dedi. Padşah dedi: «O da müjdəçidir».
27 Növbətçi dedi: «Baxıram, birincisinin qaçışı Sadoq oğlu Aximaasın qaçışına bənzəyir». Padşah dedi: «O yaxşı adamdır, müjdə ilə gəlir».
28 Aximaas bərkdən padşaha belə dedi: «Salamatlıqdır». Sonra padşaha təzim edib üzüstə yerə döşəndi və dedi: «Allahın Rəbbə alqış olsun ki, ağam padşaha əl qaldıranları Rəbb ona təslim etdi».
29 Padşah dedi: «O cavan – Avşalom salamatdırmı?» Aximaas dedi: «Yoav padşahın bir qulunu və mən qulunu göndərən zaman gördüm ki, orada böyük bir qarışıqlıq var, lakin nə olduğunu bilmədim».
30 Padşah dedi: «Çəkil, bir yanda dayan». O da çəkilib bir yanda dayandı.
31 Budur, Kuşlu gəldi və dedi: «Ağam padşaha müjdə var! Rəbb bu gün sənə qarşı qalxanların hamısının əlindən səni qurtardı».
32 Padşah Kuşluya dedi: «O cavan – Avşalom salamatdırmı?» Kuşlu dedi: «Ağam padşahın düşmənləri, pis niyyətlə sənə qarşı qalxanların hamısı qoy o cavan kimi olsun».
33 Padşah həyəcandan titrəyərək darvazanın üstündəki otağa qalxdı və ağladı. Gedə-gedə belə deyirdi: «Oğlum Avşalom, oğlum, oğlum Avşalom! Kaş sənin yerinə mən öləydim, oğlum! Oğlum, Avşalom!»