< Ikinci Şamuel 13 >
1 Davudun oğlu Avşalomun Tamar adlı gözəl doğma bacısı var idi. Rabbanın alınmasından bir müddət sonra Davudun oğlu Amnon Tamara vuruldu.
2 Amnon ögey bacısı Tamardan ötrü o qədər qüssələndi ki, lap xəstəliyə düşdü. Çünki Tamar bakirə qız olduğuna görə Amnona onunla bir şey etmək çətin gəlirdi.
3 Amnonun Yonadav adlı bir dostu var idi. Yonadav Davudun qardaşı Şimanın oğlu idi və özü də çox hiyləgər idi.
4 Yonadav Amnona dedi: «Ey şahzadə, niyə gündən-günə pərişansan? Bunu mənə bildirməzsənmi?» Amnon ona dedi: «Qardaşım Avşalomun doğma bacısı Tamara vurulmuşam».
5 Yonadav ona dedi: «Yatağına girib özünü xəstə göstər və atan səni görməyə gələndə ona belə de: “Rica edirəm, bacım Tamar gəlib mənə çörək yedirtsin və gözümün qarşısında yemək hazırlasın, mən də onu görüm, bişirdiyi yeməyi onun əlindən alıb yeyim”».
6 Amnon yatağa girib özünü xəstə göstərdi. Padşah onu görməyə gələndə Amnon padşaha dedi: «Rica edirəm, bacım Tamar gəlsin və gözümün qarşısında iki kökə bişirsin, mən də o kökələri onun əlindən alıb yeyim».
7 Davud evə adam göndərib Tamara dedi: «İndi qardaşın Amnonun evinə get, ona yemək hazırla».
8 Tamar qardaşı Amnonun evinə gedəndə o uzanmışdı. Tamar xəmir yoğurdu və onun gözü önündə kökələr düzəldib bişirdi.
9 Tavanı götürüb onun qarşısına boşaltdı. Lakin o yemək istəmədi. Amnon dedi: «Qoy hamı yanımdan çıxsın». Hamı onun yanından çıxdı.
10 Amnon Tamara dedi: «Yeməyi içəri otağa apar və orada sənin əlindən alıb yeyim». Tamar qardaşı Amnon üçün bişirdiyi kökələri götürüb içəri otağa apardı.
11 Kökələri yemək üçün Amnonun yanına gətirəndə Amnon Tamardan yapışıb dedi: «Gəl mənimlə yat, bacım».
12 Tamar isə ona dedi: «Yox, qardaşım, mənim namusuma toxunma, çünki İsraildə belə işlər etmək olmaz. Belə iyrənc iş görmə.
13 Mən bu rüsvayçılıqdan necə qurtara bilərəm? Səni isə İsraildə binamus kimi tanıyacaqlar. İndi isə rica edirəm, get padşahla danış, o məni sənə verər, yox deməz».
14 Lakin Amnon onun sözünü dinləmək istəmədi və qızdan qüvvətli olduğu üçün qızı zorlayaraq onunla yatdı.
15 Bundan sonra Amnonda Tamara qarşı həddən çox nifrət yarandı. Ona olan nifrəti əvvəlki sevgi hissindən daha güclü idi. Amnon ona «dur, buradan rədd ol» dedi.
16 Tamar isə dedi: «Yox! Axı indi məni qovmaqla etdiyin bu pislik mənə etdiyin o biri pislikdən daha böyükdür».
17 Amma Amnon ona qulaq asmaq istəməyib öz nökərini yanına çağırıb dedi: «Bunu yanımdan rədd edib bayıra at və arxasınca da qapını qıfılla».
18 Qızın əynində əlvan paltar var idi, çünki padşahın bakirə qızları belə paltar geyərdilər. Amnonun nökəri Tamarı bayıra atıb arxasınca qapını qıfılladı.
19 Tamar da başına kül tökdü. Əynindəki əlvan paltarını cırıb əlləri ilə başını tutaraq getdi. O gedə-gedə hönkürürdü.
20 Qardaşı Avşalom ona dedi: «Sənə toxunan qardaşın Amnon idimi? Hələlik sus, bacım, axı o sənin qardaşındır, bunu qəlbinə salma». Tamar tənha və qəm içində qardaşı Avşalomun evində yaşadı.
21 Padşah Davud bu hadisəni eşidərkən çox qəzəbləndi.
22 Avşalom isə Amnona nə yaxşı, nə də yaman bir söz dedi, çünki bacısı Tamarı zorladığına görə Avşalom Amnona nifrət edirdi.
23 İki il tamam olandan sonra Efrayimə yaxın Baal-Xasorda Avşalom qoyun qırxımı keçirirdi. Avşalom padşahın bütün oğullarını oraya dəvət etdi.
24 O, padşahın yanına gəlib dedi: «Bax bu qulun qoyun qırxımı keçirir. Rica edirəm, qoy padşah və əyanları bu qulunun yanına gəlsin».
25 Padşah Avşaloma dedi: «Yox, ay oğul, qoy hamımız getməyək, sənə ağırlıq düşər». Avşalom nə qədər təkid etsə də, padşah getmək istəmədi, lakin ona xeyir-dua verdi.
26 Sonra Avşalom dedi: «Heç olmasa qardaşım Amnon bizimlə getsin». Padşah ona dedi: «Axı nə üçün o səninlə getsin?»
27 Avşalom isə təkid etdi. Davud Amnonu və bütün şahzadələri onunla göndərdi.
28 Avşalom nökərlərinə belə əmr etmişdi: «Baxın Amnonun ürəyi şərabla nəşələnəndə sizə “Amnonu vurun!” deyəcəyəm, o zaman onu öldürün, qorxmayın. Sizə əmri verən mən deyiləmmi? Cəsur və igid olun».
29 Avşalom necə buyurmuşdusa, nökərləri elə edib Amnonu vurdular. Bunu görən bütün şahzadələr qalxıb hər biri öz qatırına minərək qaçdı.
30 Hələ onlar yolda ikən Davuda belə xəbər çatdı: «Avşalom bütün şahzadələri qırıb, onlardan heç birini sağ qoymayıb».
31 Padşah qalxıb paltarını cırdı və yerə sərildi. Yanındakı əyanların hamısı öz paltarını cırdılar.
32 Davudun qardaşı Şimanın oğlu Yonadav belə dedi: «Ağam bütün gəncləri, şahzadələri ölmüş zənn etməsin, təkcə Amnon ölüb. Ona görə ki o, ögey bacısı Tamarı zorladığı gündən bəri Avşalom bu niyyətdə idi.
33 Onun üçün də ağam padşahın bütün şahzadələrin ölüm xəbərindən ürəyi narahat olmasın, çünki təkcə Amnon ölüb».
34 Avşalom isə qaçmışdı. Növbətçi nökər başını qaldırıb baxdı və budur, arxa yoldan dağın yamacından böyük bir qələbəlik gəlirdi.
35 Yonadav padşaha dedi: «Budur, şahzadələr gəlir, qulun necə dedisə, elə də oldu».
36 O, sözünü qurtaran kimi şahzadələr içəri girib bərkdən ağladılar və padşahla bütün əyanları da acı göz yaşları tökdülər.
37 Avşalom qaçıb Geşur padşahı Ammihud oğlu Talmayın yanına getdi. Davud isə oğlu Amnon üçün hər gün yas tuturdu.
38 Geşura qaçan Avşalom üç il orada qaldı.
39 Avşalom üçün padşah Davud ürəyində həsrət çəkirdi, çünki Amnonun ölümünə görə artıq təsəlli tapmışdı.