< Ikinci Şamuel 10 >
1 Bir müddət sonra Ammonluların padşahı öldü və onun yerinə oğlu Xanun padşah oldu.
2 Davud dedi: «Atası mənə yaxşılıq etdiyinə görə mən də Naxaşın oğlu Xanuna yaxşılıq edəcəyəm». Davud əyanlarından bir neçəsini Xanunun atası üçün başsağlığı verməyə göndərdi. Lakin Davudun adamları Ammon ölkəsinə çatanda
3 Ammonluların başçıları öz ağaları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Davudun sənin yanına adamlarını göndərməsi şəhəri gözdən keçirib araşdırmaq və buranı yıxmaq üçün deyilmi?»
4 Xanun Davudun adamlarını tutaraq saqqallarını yarıyacan qırxdırıb paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsdirdi və onları geri göndərdi.
5 Bunu Davuda xəbər verdilər, Davud da onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».
6 Ammonlular özlərinə qarşı Davudda nifrət oyatdıqlarını görəndə adam göndərib Bet-Rexov Aramlılarından və Sova Aramlılarından iyirmi min piyada əsgəri, Maaka padşahı ilə min adamı və Tov əhalisindən on iki min nəfəri muzdla tutdular.
7 Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi.
8 Ammonlular çıxıb darvazanın girişində döyüşə düzüldülər. Sova və Rexov Aramlıları ilə Tov və Maaka adamları çöldə ayrıca durmuşdular.
9 Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzilərini ayırıb Aramlılara qarşı düzdü.
10 Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onları Ammonlulara qarşı düzdü.
11 Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən gəlib sənə kömək edərəm.
12 Cəsarətli ol. Gəl xalqımız naminə, Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin».
13 Yoav və yanındakı qoşun Aramlılara qarşı döyüşə yaxınlaşarkən düşmənlər Yoavın qabağından qaçdılar.
14 Ammonlular Aramlıların qaçdığını görəndə Avişayın qabağından qaçıb şəhərə girdilər. Ammonlular ilə döyüş qurtarandan sonra Yoav Yerusəlimə qayıtdı.
15 Aramlılar İsraillilərin önündə məğlub olduqlarını görəndə bir yerə yığıldılar.
16 Hadadezer adam göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdı. Hadadezerin ordu başçısı Şovakla birgə Xelama gəldi.
17 Bunu Davuda xəbər verdilər. O bütün İsrailliləri toplayıb İordan çayını keçərək Xelama gəldi. Aramlılar Davuda qarşı düzülüb onunla vuruşdular.
18 Aramlılar İsraillilərin qarşısından qaçdılar. Davud Aramlılardan yeddi yüz döyüş arabaçısı ilə qırx min süvarini qırdı və orada ordu başçısı Şovakı vurub öldürdü.
19 Hadadezerə tabe olan padşahların hamısı İsrail qarşısında məğlub olduqlarını görəndə İsraillilərlə sülh bağlayıb onlara tabe oldular. Artıq Aramlılar Ammonlulara kömək etməyə qorxdular.