< Ikinci Padşahlar 8 >
1 Elişa oğlunu diriltdiyi qadına demişdi: «Qalx öz ev adamlarınla birgə get və qala biləcəyin yerdə qal. Çünki Rəbb qərar verdi ki, yeddi il ölkədə aclıq olacaq».
2 Qadın Allah adamının sözünə əməl etmişdi və ev adamları ilə birgə gedib Filiştlilərin ölkəsində yeddi il qalmışdı.
3 Bu müddətdən sonra qadın Filiştlilərin ölkəsindən qayıtdı. O, evini və tarlasını istəmək üçün padşahın yanına getdi.
4 O vaxt padşah Allah adamının nökəri Gehazi ilə danışaraq ona deyirdi: «Buyur Elişanın etdiyi bütün böyük işləri mənə danış».
5 O, Elişanın ölünü necə diriltdiyini padşaha danışdığı vaxt oğlu dirilən qadın da evini və tarlasını istəmək üçün padşaha yalvarmağa başladı. Gehazi dedi: «Ağam padşah, o qadın budur, Elişanın diriltdiyi oğlu da yanındadır».
6 Padşah qadından soruşanda o, padşaha hər şeyi danışdı. Padşah ona bir saray xidmətçisi verib dedi: «Onun hər şeyini qaytar, ölkəni tərk etdiyi gündən indiyə qədər tarlasının yetirdiyi bütün məhsulu ona ver».
7 Elişa Dəməşqə gəldi. Aram padşahı Ben-Hadad xəstə idi. «Allah adamı buraya gəlib» deyə ona bildirdilər.
8 Padşah Xazaelə dedi: «Bir hədiyyə götürüb Allah adamını qarşılamağa get. “Bu xəstəlikdən sağalacağammı?” deyib onun vasitəsilə Rəbdən soruş».
9 Xazael onu qarşılamağa getdi. Əlindəki hədiyyə ilə birgə Dəməşqin bütün yaxşı şeylərindən qırx dəvə yükü hədiyyə götürüb gəldi və onun önündə durub dedi: «Oğlun Aram padşahı Ben-Hadad “Bu xəstəlikdən sağalacağammı?” deyib məni sənin yanına göndərdi».
10 Elişa ona dedi: «Get, ona “mütləq sağalacaqsan” söylə. Ancaq Rəbb mənə göstərdi ki, o mütləq öləcək».
11 Allah adamı Xazaeli utandırana kimi gözünü onun üzünə dikdi və sonra ağladı.
12 Xazael dedi: «Ağam nə üçün ağlayır?» O dedi: «Ona görə ki İsraillilərə sənin edəcəyin pisliyi bilirəm: onların qalalarına od vuracaqsan, cavanlarını qılıncla öldürəcəksən, uşaqlarını daşlara çırpacaqsan və hamilə qadınlarını doğrayacaqsan».
13 Xazael dedi: «Bu köpək qulun kimdir ki, bu böyük işi etsin?» Elişa dedi: «Rəbb mənə göstərdi ki, sən Aram üzərində padşah olacaqsan».
14 Xazael Elişanı tərk edib ağasının yanına gəldi. Ağası ondan soruşdu: «Elişa sənə nə dedi?» O cavab verdi: «Mənə dedi ki, sən mütləq sağalacaqsan».
15 Ertəsi gün Xazael bir örtük götürüb suya batırdı, ağasının üzünün üstünə çəkdi və o boğulub öldü. Onun yerinə Xazael padşah oldu.
16 İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının beşinci ilində, Yehoşafat Yəhuda padşahı olanda onun oğlu Yehoram da onunla birgə padşah oldu.
17 O, padşah olduğu vaxt otuz iki yaşında idi və Yerusəlimdə səkkiz il padşahlıq etdi.
18 Axav nəslinin etdiyi kimi o da İsrail padşahlarının yolu ilə getdi, çünki Axavın qızı onun arvadı idi. Yehoram Rəbbin gözündə pis olan işlər etdi.
19 Ancaq Rəbb Öz qulu Davudun xatirinə Yəhudalıları məhv etmək istəmədi, çünki Davuda və onun nəslinə əbədi olaraq bir çıraq verəcəyini vəd etmişdi.
20 Onun dövründə Edomlular üsyan qaldırıb Yəhudanın əsarəti altından çıxdılar və özlərinə bir padşah qoydular.
21 Yehoram bütün döyüş arabaları ilə birgə Sairə getdi. Gecə ikən qalxıb onu hər tərəfdən əhatə edən Edomluları və araba rəislərini qırdı, lakin xalq öz torpağına qaçdı.
22 Beləcə Edomlular üsyan qaldırdılar, bu günə qədər də Yəhudanın əsarəti altında deyillər. Həmin vaxt Livnalılar da üsyan qaldırmışdılar.
23 Yehoramın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
24 Yehoram ataları ilə uyudu və Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axazya padşah oldu.
25 İsrail padşahı Axav oğlu Yehoramın padşahlığının on ikinci ilində Yehoram oğlu Axazya Yəhuda üzərində padşah oldu.
26 Axazya padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə bir il padşahlıq etdi. Anası İsrail padşahı Omrinin nəvəsi olub adı Atalya idi.
27 Axazya da Axav nəslinin yolu ilə getdi və onlar kimi Rəbbin gözündə pis olan işlər etdi, çünki Axav nəslinin kürəkəni idi.
28 O, Aram padşahı Xazaelə qarşı vuruşmaq üçün Axav oğlu Yehoramla birgə Ramot-Gileada getdi. Aramlılar Yehoramı yaraladılar.
29 Padşah Yehoram Ramot-Gileadda Aram padşahı Xazaelə qarşı vuruşarkən Aramlıların ona vurduqları yaraları sağaltmaq üçün İzreelə qayıtdı. Yəhuda padşahı Yehoram oğlu Axazya, Axav oğlu Yehoramı görmək üçün İzreelə gəldi, çünki o, yaralı idi.