< Ikinci Padşahlar 7 >
1 Elişa dedi: «Rəbbin sözünü eşidin, Rəbb belə deyir: “Sabah bu vaxt Samariya darvazasında bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satılacaq”».
2 Padşahın sağında duran köməkçi Allah adamına cavab verib dedi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə dedi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».
3 Şəhər darvazasının önündə dörd cüzamlı adam var idi. Onlar bir-birlərinə dedilər: «Nə üçün biz ölənə qədər burada oturub qalmalıyıq?
4 Əgər şəhərə girsək, şəhərdə olan aclıqdan öləcəyik, burada qalsaq, burada öləcəyik. Onda Aramlıların ordugahına gedib təslim olaq. Əgər bizi sağ buraxsalar, sağ qalarıq, öldürsələr, ölərik».
5 Onlar Aramlıların ordugahına getmək üçün axşam alaqaranlığında qalxıb onun kənarına gəldilər. Orada heç kəs yox idi.
6 Rəbb Aramlıların ordusuna döyüş arabalarının gurultusunu, atların tappıltısını və böyük ordunun səsini eşitdirmişdi. Onlar bir-birlərinə söyləmişdilər: «İsrail padşahı Xet və Misir padşahlarını muzdla tutmuşdur ki, bizim üstümüzə gəlsinlər».
7 Onlar axşam alaqaranlığında qalxıb qaçmışdılar. Çadırlarını, atlarını, eşşəklərini – bütün ordugahı olduğu kimi buraxıb getmişdilər. Beləcə canlarını qurtarmaq üçün qaçmışdılar.
8 Bu cüzamlılar ordugahın kənarına gəlib bir çadıra girdilər və yeyib-içdilər. Oradan qızıl-gümüş, paltar götürüb getdilər və onları gizlətdilər. Sonra qayıdıb başqa bir çadıra girdilər. Oradan da şeylər götürüb getdilər və onları da gizlətdilər.
9 Onlar bir-birlərinə dedilər: «Biz yaxşı eləmirik, bu gün müjdə günüdür, biz isə susuruq. Səhər açılana qədər gözləməyə haqqımız yoxdur, indi gedək, saray adamlarına bu xəbəri bildirək».
10 Onlar gəlib şəhərin qapıçılarını səslədilər və onlara bildirib dedilər: «Aramlıların ordugahına getdik, orada heç kəs yox idi və insan səsi də gəlmirdi. Ancaq bağlı atlar, bağlı eşşəklər və olduğu kimi qalan çadırlar var idi».
11 Qapıçılar da qışqırıb bu xəbəri saray içərisində olan adamlara bildirdilər.
12 Padşah gecə ikən qalxıb əyanlarına dedi: «Aramlıların bizə nə etmək istədiklərini indi sizə deyərəm: onlar bilirlər ki, biz acıq, buna görə də ordugahdan çıxıb çöldə gizlənmişlər və “şəhərdən çıxanda onları diri tutarıq və şəhərə girərik” deyə düşünürlər».
13 Əyanlardan biri cavab verib dedi: «Qoy bir neçə adam şəhərdə qalmış atlardan beşini götürsün və onları göndərək, gedib görsünlər. Onların da aqibəti qalan bütün İsrail camaatının aqibəti kimi olacaq, çünki bütün İsrail camaatı həlak olacaq».
14 Onlar atlar qoşulmuş iki döyüş arabası götürdülər. Padşah «gedin görün» deyib onları Aram ordusunun dalınca göndərdi.
15 Onlar Aramlıların dalınca İordan çayına qədər getdilər. Bütün yol Aramlıların tələsik qaçdıqları vaxt atdıqları geyim və əşyalarla dolu idi. Qasidlər geri qayıdıb padşaha bu xəbəri bildirdilər.
16 Xalq çıxıb Aramlıların ordugahını qarət etdi. Rəbbin sözünə görə bir sea narın un bir şekelə və iki sea arpa bir şekelə satıldı.
17 Padşah sağında duran köməkçini darvazanın ağzına qoymuşdu. Padşah Allah adamının yanına enib gəldiyi zaman onun söylədiyi kimi xalq padşahın köməkçisini darvazanın ağzında tapdaladı və o öldü.
18 Allah adamının padşaha söylədiyi kimi oldu. O demişdi: «Sabah bu vaxt Samariya darvazasında iki sea arpa bir şekelə və bir sea narın un bir şekelə satılacaq».
19 Padşahın köməkçisi də Allah adamına cavab verib demişdi: «Rəbb göylərdə pəncərələr açsa da, bu iş ola bilməz». Allah adamı isə demişdi: «Bax sən gözlərinlə bunu görəcəksən, ancaq ondan yeməyəcəksən».
20 Həmin şey də onun başına gəldi: xalq onu darvazanın ağzında tapdaladı və o öldü.