< Ikinci Padşahlar 5 >
1 Aram padşahının ordu başçısı Naaman ağasının yanında hörmət və etibar sahibi idi, çünki Rəbb onun vasitəsilə Arama qurtuluş vermişdi. O, cəsur bir döyüşçü idi, ancaq cüzamlı idi.
2 Aramlılar dəstələrlə çıxıb İsrail torpağından kiçik bir qızı əsir götürmüşdülər. Bu qız Naamanın arvadının yanında qalırdı.
3 O, xanımına dedi: «Kaş ki ağam Samariyada peyğəmbərin yanında olaydı. O zaman peyğəmbər onun cüzamına şəfa verərdi».
4 Naaman gedib «İsrail torpağından olan qız belə-belə söylədi» deyə ağasına bildirdi.
5 Aram padşahı dedi: «Get, mən İsrail padşahına bir məktub göndərərəm». Naaman özü ilə altı min şekel qızıl, on talant gümüş və on dəst paltar götürüb getdi.
6 Məktubu da İsrail padşahına gətirdi. Orada belə yazılmışdı: «İndi bu məktubla bərabər qulum Naamanı da yanına göndərirəm ki, sən onun cüzamına şəfa verəsən».
7 İsrail padşahı məktubu oxuyanda paltarını cırıb dedi: «Məgər mən öldürüb-dirildən Allaham? Niyə bu adam cüzamına şəfa vermək üçün mənim yanıma adam göndərir? Baxarsınız, mənimlə dava etmək üçün bəhanə axtarır».
8 Allah adamı Elişa İsrail padşahının öz paltarını cırdığını eşidəndə ona xəbər göndərib dedi: «Nə üçün paltarını cırdın? Qoy indi o mənim yanıma gəlsin və bilsin ki, İsraildə bir peyğəmbər var».
9 Naaman atları və döyüş arabası ilə gəldi və Elişanın evinin qapısında dayandı.
10 Elişa onun yanına qasid göndərib dedi: «Get, İordan çayında yeddi dəfə yuyun ki, bədənin sağalıb tər-təmiz olsun».
11 Ancaq Naaman acıqlanıb getdi və dedi: «Mən güman edirdim ki, mütləq bayıra çıxıb yanıma gələcək, durub Allahı Rəbbin adını çağıracaq və əlini cüzamlı yerin üzərində yelləyib şəfa verəcək.
12 Dəməşqin çayları Avana və Parpar İsrailin bütün sularından daha yaxşı deyilmi? Onlarda yuyunub təmiz ola bilməzdimmi?» O hirslə dönüb getdi.
13 Naamanın adamları onun yanına gəlib dedilər: «Ey atamız, əgər peyğəmbər sənə böyük bir şey əmr etsəydi, ona əməl etməzdinmi? O yalnız sənə “yuyun və təmiz ol” deyir».
14 Bundan sonra Naaman Allah adamının sözünə görə İordan çayına enib yeddi dəfə suya baş vurdu. Onun bədəni sağaldı və körpə bədəni kimi tər-təmiz oldu.
15 Naaman bütün dəstəsi ilə yenə Allah adamının yanına gəldi və onun önündə dayanıb dedi: «Bax indi bildim ki, İsraildən başqa, dünyanın heç bir yerində Allah yoxdur. Buyur bu qulunun hədiyyəsini götür».
16 Lakin Elişa dedi: «Önündə durduğum var olan Rəbbə and olsun ki, heç nə götürməyəcəyəm». Naaman götürməyi təkid etdi, ancaq Elişa istəmədi.
17 Naaman dedi: «Əgər götürmürsənsə, onda qoy bu quluna buradan iki qatır yükü torpaq verilsin. Çünki bu qulun artıq başqa allahlara deyil, yalnız Rəbbə yandırma qurbanları və təqdimlər gətirəcək.
18 Ancaq Rəbb bu işi quluna bağışlasın: ağam padşah səcdə etmək üçün Rimmon məbədinə girəndə mən onun sağında durmalıyam, onda Rimmon məbədində mən də səcdə etməliyəm. Orada səcdə etdiyimi Rəbb quluna bağışlasın».
19 Elişa ona dedi: «Sağ-salamat get». Naaman onun yanından çıxıb bir az yol getdi.
20 Allah adamı Elişanın nökəri Gehazi dedi: «Ağam gətirdiyi şeyi bu Aramlı Naamandan götürmək istəmədi. Var olan Rəbbə and olsun ki, onun dalınca qaçıb ondan nəsə alacağam».
21 Gehazi Naamanın dalınca qaçdı. Naaman dalınca bir nəfərin gəldiyini görəndə onu qarşılamaq üçün arabadan düşüb dedi: «Xeyir ola?»
22 Gehazi dedi: «Xeyirdir. Ağam məni göndərdi ki, sənə deyim: “Elə indicə Efrayimin dağlıq bölgəsindən yanıma peyğəmbərlərdən olan iki cavan oğlan gəldi. Xahiş edirəm, onlara bir talant gümüş və iki dəst paltar ver”».
23 Naaman dedi: «Buyur iki talant götür». Ona təkid edərək iki talant gümüşü iki torbaya qoyub bağladı və iki dəst paltarla birgə nökərlərindən ikisinə verdi. Nökərlər Gehazinin qabağında gedib bunları daşıdılar.
24 Təpəyə çatanda Gehazi şeyləri onların əlindən alıb evinə qoydu. Nökərləri geri göndərdi və onlar getdilər.
25 Sonra ağası Elişanın yanına gedib önündə dayandı. Elişa ondan soruşdu: «Haradan gəlirsən, Gehazi?» Gehazi dedi: «Bu qulun heç yerə getməyib».
26 Elişa ona dedi: «O adam səni qarşılamaq üçün arabasından düşəndə ürəyim orada deyildimi? İndi gümüş götürmək, paltar, zeytun və üzüm bağları, qoyun-keçi, mal-qara, qullar və kənizlər almaq vaxtıdırmı?
27 Buna görə də Naamanın cüzamı əbədi olaraq sənə və sənin nəslinə yapışacaq». Gehazi qar kimi cüzamlı olub onun hüzurundan çıxdı.