< Ikinci Salnamələr 5 >
1 Rəbbin məbədi üçün Süleymanın gördüyü bütün işlər qurtardı. Atası Davudun təqdis etdiyi qızıl-gümüşü və əşyaları Süleyman içəri gətirib Allahın məbədinin xəzinələrinə qoydu.
2 O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər.
3 Yeddinci ayda olan bayram vaxtı bütün İsrail xalqı padşahın yanına toplandı.
4 Bütün İsrail ağsaqqalları gələndə Levililər sandığı götürdü.
5 Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları Levili kahinlər yuxarı gətirdi.
6 Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qoyun-keçi və mal-qara qurban kəsirdi.
7 Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdi.
8 Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü.
9 Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır.
10 İsrail övladları Misirdən çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki lövhə qoymuşdu. Bunlardan başqa onun içində heç bir şey yox idi.
11 Kahinlər Müqəddəs yerdən çıxdılar. Hazır olan kahinlərin hamısı bölmələrini gözləmədən özlərini təqdis etmişdi.
12 İlahi oxuyan Levililərin hamısı da – Asəf, Heman, Yedutun və onların oğulları ilə qohumları incə kətan geyərək sinclər, çənglər və liralarla qurbangahın şərq tərəfində dayandılar və onlarla bərabər yüz iyirmi kahin kərənay çalırdı.
13 Kərənay çalanlar və ilahiçilər bir səslə Rəbbə həmd və şükür etməklə səslərini birgə ucaltdılar. Kərənayların, sinclərin, musiqi alətlərinin səsi yüksələndə onlar dedi: «Rəbbə həmd edin, çünki yaxşıdır, çünki məhəbbəti əbədidir». O vaxt bulud Rəbbin məbədini elə doldurdu ki,
14 o buluda görə kahinlər ibadət etmək üçün orada dayana bilmədilər, çünki Rəbbin izzəti Allahın məbədini doldurmuşdu.