< Ikinci Salnamələr 33 >
1 Menaşşe padşah olduğu vaxt on iki yaşında idi və Yerusəlimdə əlli beş il padşahlıq etdi
2 O, İsrail övladlarının önündən Rəbbin qovduğu millətlərin etdikləri iyrənc işlər kimi Rəbbin gözündə pis olan işlər etdi.
3 Atası Xizqiyanın dağıtdığı səcdəgahları yenidən tikdi, Baal bütləri üçün qurbangahlar qurdu və Aşera bütləri düzəltdi, bütün səma cisimlərinə səcdə və qulluq etdi.
4 Rəbbin «adım əbədi olaraq Yerusəlimdə qalacaq» dediyi məbədində qurbangahlar tikməyə başladı.
5 Menaşşe Rəbbin məbədinin hər iki həyətində bütün səma cisimlərinə qurbangahlar düzəltdi.
6 O, oğullarını Ben-Hinnom vadisində oda qurban verdi, gələcəyi dedi, baxıcılıq və cadugərlik edib cindarlara və ruhçağıranlara müraciət etdi. Rəbbin gözündə çoxlu pis işlər görərək Onu qəzəbləndirdi.
7 Düzəltdiyi oyma bütü Allahın məbədinə qoydu. Bu məbəd barədə Allah Davuda və oğlu Süleymana demişdi: «Bu məbəddə və bütün İsrail qəbilələrindən seçdiyim Yerusəlimdə Öz adımı əbədi qoyacağam.
8 Əgər Mənim onlara buyurduğum hər şeyə və Musa vasitəsilə onlara verilən bütün qanuna, qaydalara və hökmlərə əməl etsələr, İsrail övladlarının atalarına təyin etdiyim torpaqdan didərgin düşməyə qoymayacağam».
9 Menaşşe Yəhudalıları və Yerusəlimdə yaşayanları İsrail övladları önündə Rəbbin məhv etdiyi millətlərdən də çox pis işlər etmək üçün yoldan çıxardı.
10 Rəbb Menaşşe və onun xalqı ilə danışdı, amma onlar qulaq asmadı.
11 Rəbb Aşşur padşahının ordu başçılarını onların üzərinə göndərdi. Onlar Menaşşeyə qandal və tunc zəncir vurub onu əsir aldılar və Babilə apardılar.
12 O bu kədərində Allahı Rəbbə yalvardı və atalarının Allahı önündə özünü çox aşağı tutdu,
13 Allaha dua etdi. Allah da onun duasını qəbul etdi və yalvarışını eşitdi, onu yenə Yerusəlimə – öz padşahlığına gətirdi. Onda Menaşşe bildi ki, Rəbb həqiqi Allahdır.
14 Bundan sonra o, vadidə olan Gixonun qərb tərəfindən Balıqlar darvazasının girəcək yerinə qədər Davudun şəhərinə bayır tərəfdən bir divar tikdi, onunla Ofeli əhatəyə aldı və onu çox yüksəltdi. Yəhudanın bütün qalalı şəhərlərinə qoşun başçıları qoydu.
15 Menaşşe özgə allahları, Rəbbin məbədindəki bütü, Rəbbin məbədinin dağında və Yerusəlimdə tikdiyi bütün qurbangahları aradan qaldırıb onları şəhərin bayırına atdı.
16 O, Rəbbin qurbangahını təmir edib orada ünsiyyət və şükür qurbanları təqdim etdi və İsrailin Allahı Rəbbə qulluq etməyi Yəhudalılara əmr etdi.
17 Bununla bərabər xalq hələ səcdəgahlarda qurban gətirirdi, hərçənd ki bunu özlərinin Allahı Rəbbə görə edirdi.
18 Menaşşenin qalan işləri, öz Allahına duası və İsrailin Allahı Rəbbin adı ilə ona söz deyən görücülərin sözləri İsrail padşahlarının tarix kitabında yazılmışdır.
19 Onun duası və duasının eşidildiyi, bütün günahları və xainliyi, özünü aşağı tutmazdan əvvəl səcdəgahlar tikib Aşera bütlərini və oyma bütləri qoyduğu yerlər barədə görücülərin tarix kitabında yazılmışdır.
20 Menaşşe ataları ilə uyudu və onu öz evində basdırdılar. Onun yerinə oğlu Amon padşah oldu.
21 Amon padşah olduğu vaxt iyirmi iki yaşında idi və Yerusəlimdə iki il padşahlıq etdi.
22 O, atası Menaşşenin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi. Atası Menaşşenin düzəltdiyi bütün oyma bütlərə Amon da qurban kəsdi və onlara qulluq etdi.
23 O, atası Menaşşedən fərqli olaraq özünü Rəbbin önündə aşağı tutmadı, əksinə, Amon get-gedə daha çox günah etdi.
24 Əyanları ona qarşı qəsd hazırladı və onu öz sarayında öldürdülər.
25 Ölkə xalqı padşah Amona qarşı qəsd hazırlayanların hamısını qırdı və onun yerinə oğlu Yoşiyanı padşah etdi.