< Ikinci Salnamələr 30 >
1 Xizqiya İsrailin Allahı Rəbbə Pasxa bayramı etmək üçün Yerusəlimdə olan Rəbbin məbədinə gəlsinlər deyə bütün İsraillilərə və Yəhudalılara xəbər göndərdi, Efrayimlilərə və Menaşşelilərə də məktublar yazdı.
2 Yerusəlimdə padşahla rəislər və bütün camaat Pasxa bayramını ikinci ayda keçirmək barədə qərara gəlmişdi.
3 Çünki lazımi sayda kahin özünü təqdis etmədiyinə görə və xalq Yerusəlimə toplanmadığı üçün onu lazım olan vaxt edə bilməmişdilər.
4 Ona görə də bu qərar padşahın və bütün camaatın gözündə doğru idi.
5 Onlar gəlib Yerusəlimdə İsrailin Allahı Rəbbə Pasxa bayramı etsinlər deyə Beer-Şevadan Dana qədər bütün İsraildə elan etməyə qərar verdilər. Çünki çoxdan bəri bunu yazıldığı kimi etməmişdilər.
6 Padşahın əmrinə görə çaparlar padşahın və rəislərin yazdığı məktublarla bütün İsrail və Yəhuda torpağını dolaşıb dedilər: «Ey İsrail övladları, İbrahimin, İshaqın və İsrailin Allahı Rəbbə qayıdın! O da sizə – Aşşur padşahlarının əlindən qaçıb qurtarmış, sağ qalan adamlarınıza tərəf qayıdacaq.
7 Atalarının Allahı Rəbbə qarşı xainlik edən atalarınız və qohumlarınız kimi olmayın. Belə ki gördüyünüz kimi Rəbb onları tar-mar etdi.
8 İndi atalarınız kimi dikbaş olmayın, Rəbbə tabe olun və Onun əbədi olaraq təqdis etdiyi Müqəddəs məkana gəlib Allahınız Rəbbə qulluq edin ki, qızğın qəzəbi sizdən dönsün.
9 Siz Rəbbə qayıtdıqda qohumlarınız və oğullarınız onları əsir alanların önündə mərhəmət tapacaq və bu torpağa qayıdacaq. Çünki Allahınız Rəbb lütfkar və rəhmlidir; əgər Ona qayıtsanız, sizdən üz döndərməz».
10 Çaparlar Efrayim və Menaşşe torpaqlarından Zevuluna qədər bu şəhərdən o şəhərə keçdi. Ancaq onlara güldülər və lağa qoydular.
11 Amma Aşerdən, Menaşşedən və Zevulundan bəzi adamlar özlərini aşağı tutub Yerusəlimə gəldi.
12 Yəhudalılara da Allah Öz əli ilə eyni ürək verdi ki, Rəbbin sözünə görə padşahın və rəislərin əmrlərini yerinə yetirsinlər.
13 İkinci ay Mayasız Çörək bayramını Yerusəlimdə keçirmək üçün çoxlu xalq, böyük bir camaat toplandı.
14 Qalxıb Yerusəlimdə olan qurbangahları və bütün buxur qurbangahlarını ləğv etdilər və Qidron vadisinə atdılar.
15 İkinci ayın on dördüncü günü Pasxa qurbanlarını kəsdilər. Kahinlərlə Levililər utanıb özlərini təqdis etdilər və Rəbbin məbədinə yandırma qurbanları gətirdilər.
16 Allah adamı Musanın Qanununda yazılmış qaydalarına görə öz yerlərində durdular. Kahinlər Levililərdən aldıqları qanı səpdilər.
17 Çünki camaat içində özlərini təqdis etməmiş çox adam olduğuna görə Rəbbə təqdis etmək üçün təmiz olmayan hər adamın Pasxa qurbanını kəsmək işi Levililərin öhdəsində idi.
18 Çünki xalqın böyük bir hissəsi, Efrayim və Menaşşe, İssakar və Zevulun qəbilələrindən bir çoxu özlərini təmizləyib yazılanlara uyğun olmayaraq öz Pasxa qurbanlarından yedi.
19 Xizqiya onlar üçün dua edib demişdi: «Qoy xeyirxah olan Allah müqəddəs yer üçün təmiz olmadıqları halda sidq ürəklə Allahı, atalarının Allahı Rəbbi axtarmağa hazırlaşmış hər kəsi bağışlasın».
20 Rəbb Xizqiyanı eşitdi və xalqa şəfqət göstərdi.
21 Yerusəlimdə olan İsraillilər yeddi gün Mayasız Çörək bayramını böyük sevinclə keçirdilər. Levililər və kahinlər yüksək səsli musiqi alətləri ilə hər gün Rəbbə həmd edirdilər.
22 Xizqiya Rəbbin xidmətində bacarıqlı olan bütün Levililəri ruhlandırdı. Onlar ünsiyyət qurbanlarını kəsərək və atalarının Allahı Rəbbə şükürlər edərək yeddi gün bayram yeməyi yedilər.
23 Bütün camaat belə qərara gəldi ki, daha yeddi gün də bayram olsun. Yeddi günü də sevinclə keçirdilər.
24 Yəhuda padşahı Xizqiya camaata təqdim etmək üçün min buğa və yeddi min baş qoyun-keçi, rəislər isə camaata min buğa və on min qoyun-keçi verdilər. Bir çox kahin özünü təqdis etdi.
25 Bütün Yəhuda camaatı, kahinlər, Levililər, İsraildən gələn bütün camaat və İsrail torpağından olan və Yəhudada yaşayan qəriblər sevindi.
26 Yerusəlim böyük sevinc içində idi, çünki İsrail padşahı Davud oğlu Süleymanın dövründən bəri Yerusəlimdə belə bayram olmamışdı.
27 Levili kahinlər qalxıb xalqa xeyir-dua verdi, Allah onların səslərini eşitdi, çünki duaları Onun müqəddəs məskəninə – göylərə çatdı.