< Ikinci Salnamələr 27 >
1 Yotam padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoqun qızı Yeruşa idi.
2 Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi, ancaq Rəbbin məbədinin böyük otağına girmədi. Xalq hələ də pozğunluq edirdi.
3 O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi, Ofel divarında çoxlu tikinti işi gördü.
4 Yəhudanın dağlıq bölgəsində şəhərlər, meşələrdə qalalar və qüllələr tikdi.
5 Yotam Ammonlular padşahına qarşı vuruşdu və onları məğlub etdi. Ammonlular ona o il yüz talant gümüş və on min kor buğda, on min kor arpa verdi. İkinci və üçüncü il də Ammonlular ona bu qədər ödədi.
6 Yotam qüvvətləndi, çünki Allahı Rəbbin önündə öz yollarını düzəltmişdi.
7 Yotamın qalan işləri, bütün döyüşləri və əməlləri barədə İsrail və Yəhuda padşahlarının kitabında yazılmışdır.
8 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi.
9 Yotam ataları ilə uyudu və onu Davudun şəhərində basdırdılar. Onun yerinə oğlu Axaz padşah oldu.