< Ikinci Salnamələr 16 >
1 Asanın padşahlığının otuz altıncı ilində İsrail padşahı Baaşa Yəhudaya hücum etdi və Yəhuda padşahı Asanın yanına gəlib-getmək istəyənləri buraxmamaq üçün Rama şəhərini tikdi.
2 Asa Rəbbin məbədinin və padşah sarayının xəzinələrindən qızıl-gümüşü götürdü və onları Dəməşqdə yaşayan Aram padşahı Ben-Hadada bu xəbərlə göndərdi:
3 «Sənin atanla mənim atam arasında saziş var idi, qoy bizim aramızda da saziş olsun. Sənə qızıl-gümüş göndərdim, get İsrail padşahı Baaşa ilə olan sazişini poz ki, torpağımdan geri çəkilsin».
4 Ben-Hadad padşah Asaya qulaq asdı və qoşun başçılarını İsrail şəhərlərinin üstünə göndərdi. Onun qoşunları İyona, Dana, Avel-Mayimə və Naftalinin bütün anbar şəhərlərinə zərbə vurdu.
5 Baaşa bunu eşitdikdə Ramanı tikməyi dayandırdı və işini buraxdı.
6 Padşah Asa bütün Yəhudalıları yanına yığdı. Onlar Ramada Baaşanın tikməkdə olduğu yerlərin daşlarını və dirəklərini daşıdı. Bunlarla Gevanı və Mispanı tikdi.
7 O vaxt görücü Xanani Yəhuda padşahı Asanın yanına gəlib ona dedi: «Madam ki Allahın Rəbbə deyil, Aram padşahına güvəndin, buna görə də Aram padşahının ordusu sənin əlindən qaçıb qurtardı.
8 Kuşlular və Luvlular çoxlu süvari və döyüş arabaları ilə çox böyük bir ordu deyildimi? Rəbb Ona güvəndiyin üçün onları sənə təslim etdi.
9 Çünki Rəbbin gözləri yer üzünü seyr edir ki, ürəyi bütünlüklə Onunla olanları qüvvətləndirsin. Ağılsızlıq etdin. İndidən sənə müharibə olacaq».
10 Asa görücüyə qəzəbləndi və onu işgəncə zindanına atdı, çünki bunun üçün ona hiddətlənmişdi. O vaxt Asa xalqdan bəzilərinə zülm etdi.
11 Asanın işləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.
12 Padşahlığının otuz doqquzuncu ilində Asa ayaqlarından xəstələndi, xəstəliyi get-gedə ağırlaşdı. Həm də xəstə olduqda Rəbbi deyil, ancaq həkimləri axtardı.
13 Asa padşahlığının qırx birinci ilində ölüb ataları ilə uyudu.
14 Onu Davudun şəhərində özü üçün qazdığı qəbirdə basdırdılar və onu gözəl ədviyyat və hər cür qatışmış ətriyyatla dolu yatağa qoydular. Onun xatirinə böyük bir tonqal yandırdılar.