< Ikinci Salnamələr 10 >
1 Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdi.
2 Nevat oğlu Yarovam bunu eşitdiyi zaman padşah Süleymanın əlindən qaçdığı Misirdən oraya qayıtdı.
3 Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsraillilərlə birgə Rexavama söylədi:
4 «Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik».
5 Rexavam onlara dedi: «Üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi.
6 Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?»
7 Ağsaqqallar ona dedi: «Əgər sən bu xalqa xeyirxahlıq göstərməklə onları razı salıb yaxşı sözlər desən, daim sənə qul olacaq».
8 Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi.
9 Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?»
10 Onunla birgə böyümüş cavan adamlar ona dedi: «Sənə “atan üzərimizə ağır bir boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur.
11 Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”».
12 «Üç gün sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi.
13 Padşah onlara sərt cavab verdi. Padşah Rexavam ağsaqqalların məsləhətinə məhəl qoymayıb
14 cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə onu daha da artıracağam. Atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam».
15 Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Allah tərəfindən oldu ki, Rəbb Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.
16 Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördü. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var? Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, çadırınıza! İndi, ey Davud, öz evinin halına özün bax!» Bütün İsraillilər evlərinə getdi.
17 Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi.
18 Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi. İsrail övladları onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi.
19 Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdı və bu indiyə qədər belədir.