< 1 Timoteyə 6 >
1 Qul boyunduruğu altında olanların hamısı öz ağalarını tam hörmətə layiq saysınlar ki, Allahın adına və təliminə küfr söylənməsin.
2 Ağaları iman etmiş olanlarsa qardaş olduğu üçün ağalarına xor baxmasınlar. Əksinə, onlara daha yaxşı qulluq etsinlər. Çünki bu qulluqdan faydalananlar sevdikləri imanlılardır. Bu şeyləri öyrət və nəsihət ver.
3 Kim yad təlimlər yayıb Rəbbimiz İsa Məsihin sağlam sözləri ilə və möminliyə uyğun təlimlə razı deyilsə,
4 o adam qürurlanıb heç bir şey dərk etmir, lakin mübahisə və sözlərin mənası barədə dava yaratmaq xəstəliyinə tutulub. Bunların nəticəsi paxıllıq, münaqişə, böhtançılıq və bədgümanlıqdır;
5 pozğun düşüncəli, həqiqətdən məhrum, möminliyi qazanc mənbəyi kimi zənn edən adamların fasiləsiz mübahisələridir.
6 Əlindəki ilə kifayətlənərək mömin olmaqsa böyük qazanc mənbəyidir.
7 Çünki dünyaya heç bir şey gətirməmişik və oradan heç bir şey də götürə bilmərik.
8 Yeməyimiz və paltarımız varsa, bunlarla kifayətlənirik.
9 Zəngin olmaq istəyənlərsə sınağa və tora düşərlər; insanı məhvə və həlaka aparan bir çox axmaq və ziyanverici ehtiraslara batırlar.
10 Çünki hər cür pisliyin kökü pulpərəstlikdir. Kimlərsə bu həvəslə imandan azıb öz-özlərinə sanki bıçaq soxmuş kimi çox əzab verdilər.
11 Amma sən, ey Allah adamı, bu şeylərdən qaç. Salehliyin, möminliyin, imanın, məhəbbətin, dözümün, həlimliyin ardınca get.
12 İman uğrunda yaxşı mübarizə apar. Əbədi həyatı bərk tut; bunun üçün çağırıldın və yaxşı əqidəni bir çox şahid qarşısında iqrar etdin. (aiōnios )
13 Hər şeyə həyat verən Allahın və Ponti Pilatın önündə öz yaxşı əqidəsinə şəhadət edən Məsih İsanın hüzurunda sənə tapşırıram ki,
14 Rəbbimiz İsa Məsihin zühurunadək Allahın əmrinə ləkəsiz və nöqsansız riayət et.
15 Allah Onu Öz vaxtında zahir edəcək. O, bəxtiyarlıq mənbəyi olan tək Hökmdar, şahların Şahı və ağaların Ağasıdır.
16 Yeganə ölməzliyə malik olan, əlçatmaz nurda yaşayan Odur. Onu insanlardan heç kəs görməyib və görə də bilməz. Ona izzət və əbədi qüdrət olsun. Amin. (aiōnios )
17 Bu dövrdə varlı olanlara buyur ki, təkəbbürlü olmasınlar və gəldi-gedər var-dövlətə yox, zövq almağımız üçün bizə hər şeyi bol-bol verən Allaha ümid bəsləsinlər. (aiōn )
18 Xeyirxahlıq göstərsinlər, yaxşı işlərlə zəngin, əliaçıq olub öz malını başqaları ilə bölüşsünlər.
19 Beləliklə, gələcək üçün özlərinə sağlam təməl olacaq bir xəzinə toplasınlar. Yəni həqiqi həyatı bərk tutsunlar.
20 Ey Timotey, sənə verilən əmanəti qoru! Allahsız boşboğazlıqdan və yalan yerə «bilik» adlanan şeyin zidd fikirlərindən uzaq dur.
21 Bəziləri bu biliyə sahib olduqlarını iddia edərək imandan azdılar. Sizə lütf olsun!