< 1 Saloniklilərə 1 >
1 Paul, Sila və Timoteydən Ata Allah və Rəbb İsa Məsihdə olan Saloniklilər cəmiyyətinə salam! Sizə lütf və sülh olsun!
2 Dualarımızda sizi yada salıb həmişə hər birinizə görə Allaha şükür edirik.
3 Çünki imandan yaranan əməllərinizi, məhəbbətdən doğan zəhmətinizi və Rəbbimiz İsa Məsihə bağladığınız ümidin verdiyi dözümü Atamız Allah qarşısında daim yada salırıq.
4 Ey Allahın sevimlisi olan qardaşlar, bilirik ki, O sizi seçib.
5 Ona görə ki yaydığımız Müjdə yalnız sözlə deyil, qüvvə ilə, Müqəddəs Ruhla və çox inandırıcılıqla sizə çatıb. Aranızda ikən sizin üçün necə bir adam olduğumuzu bildiniz.
6 Siz də böyük əziyyət içində Müqəddəs Ruhun verdiyi sevinclə kəlamı qəbul edib bizdən və Rəbdən nümunə götürdünüz.
7 Beləliklə, siz Makedoniya və Axayyadakı bütün imanlılar üçün nümunə oldunuz.
8 Çünki Rəbbin kəlamının sədası sizdən yayıldı. Allaha imanınızın sorağı yalnız Makedoniya və Axayyaya deyil, hər yerə çatıb. Daha bizə söz deməyə ehtiyac qalmadı.
9 Çünki özləri xəbər yaydılar ki, bizi nə qədər yaxşı qarşıladınız və var olan həqiqi Allaha qulluq etmək üçün, həmçinin Onun ölülər arasından diriltdiyi Oğlunun, yəni bizi gələcək qəzəbdən qurtaran İsanın göylərdən zühurunu gözləmək üçün bütlərdən Allaha tərəf necə döndünüz.