< Birinci Şamuel 28 >
1 Həmin dövrdə İsrailə qarşı döyüşmək üçün Filiştlilər ordularını döyüşə yığdılar. Akiş Davuda dedi: «Bunu yaxşı bil ki, sən və adamların mənimlə bir orduda döyüşəcəksiniz».
2 Davud Akişə dedi: «Əla! Sən qulunun nə edəcəyini görəcəksən». Akiş Davuda dedi: «Çox yaxşı, mən səni həmişə özümə mühafizəçi qoyacağam».
3 Şamuel ölmüşdü və bütün İsrail onun üçün yas tutmuşdu. Onu Ramada – öz şəhərində dəfn etmişdilər. Şaul isə bütün cindarları və ruhçağıranları ölkədən qovmuşdu.
4 Filiştlilər yığılaraq gəlib Şunemdə ordugah qurdular. Şaul bütün İsraili yığıb Gilboa dağında ordugah qurdu.
5 Şaul Filişt ordugahını görəndə qorxudan ürəyi əsdi.
6 O, Rəbbə müraciət etdi. Amma Rəbb ona nə yuxu, nə Urim, nə də peyğəmbərlər vasitəsilə cavab verdi.
7 Şaul əyanlarına dedi: «Mənim üçün bir cindar qadın tapın ki, gedib ona müraciət edim». Əyanları ona dedilər: «Bax En-Dorda bir cindar qadın var».
8 Şaul zahiri görkəmini dəyişdirdi, başqa paltar geyinib, iki nəfərlə bərabər oraya getdi və gecə ikən qadının yanına gəlib çatdı. Şaul dedi: «Rica edirəm, mənim falıma baxıb cindarlığını göstər və kimi desəm, onu mənim üçün çıxar».
9 Qadın dedi: «Bax Şaulun bu ölkədə nə etdiyini, cindarları və ruhçağıranları necə qırdığını bilirsən. Niyə məni öldürmək üçün canıma tələ qurursan?»
10 Şaul qadına «var olan Rəbbə and olsun, bu işin sənə bir ziyanı olmayacaq» deyərək Rəbbə and içdi.
11 Qadın dedi: «Sənin üçün kimi çıxarım?» Şaul «mənə Şamueli çıxar» dedi.
12 Qadın Şamueli görüncə bərkdən çığırıb Şaula dedi: «Sən ki Şaulsan, niyə məni aldatdın?»
13 Padşah ona dedi: «Qorxma, de görüm, nə görürsən?» Qadın Şaula dedi: «Yer altından çıxan allahlar kimi bir şəxs görürəm».
14 Şaul dedi: «O kimə oxşayır?» Qadın dedi: «Cübbə geyinmiş qoca bir adam çıxır». Şaul onun Şamuel olduğunu başa düşüb üzüstə əyilib yerə sərildi.
15 Şamuel Şaula dedi: «Məni çıxararaq niyə narahat etdin?» Şaul dedi: «Çox dara düşmüşəm, çünki Filiştlilər mənə qarşı müharibə edirlər. Artıq Allah da məndən üz döndərib, daha mənə peyğəmbərlər, yuxular vasitəsilə cavab vermir. Ona görə də səni çağırdım ki, nə etməliyəmsə, onu mənə bildirəsən».
16 Şamuel dedi: «Əgər Rəbb səndən üz döndəribsə, demək O sənə düşmən olmuşdur. Belə halda bunu niyə məndən soruşursan?
17 Rəbb mənim vasitəmlə söylədiyini etdi və padşahlığı sənin əlindən qoparıb onu sənin yaxının Davuda verdi.
18 Sən Rəbbin sözünə baxmadığın və Onun qızğın qəzəbini Amaleqlilərin üstünə gətirmədiyin üçün bu gün O səni bu hala salıb.
19 Rəbb səninlə bərabər İsraili də Filiştlilərə təslim edəcək və sabah sən və oğulların mənimlə bərabər olacaqsınız, çünki Rəbb İsrail ordusunu da Filiştlilərə təslim edəcək».
20 Şaul o zaman tir-tap yerə sərildi. Ona görə ki Şamuelin sözlərindən çox qorxmuşdu, həm də onda taqət qalmamışdı, çünki bütün günü və gecəni çörək yeməmişdi.
21 Qadın Şaulun yanına gəldi və onu sarsılmış halda gördükdə dedi: «Bax kənizin sənin sözünə itaət etdi. Canımı dişimə tutub mənə dediyin sözlərə qulaq asdım.
22 Rica edirəm, indi kənizinin sözünə qulaq as və qabağına bir tikə çörək qoyum, onu ye ki, yola düşəndə qüvvən olsun».
23 Lakin Şaul bunu rədd edib «yemirəm» dedi. Amma əyanları da qadınla bərabər onu məcbur etdikdə Şaul onların sözünə qulaq asdı və yerdən qalxıb yatağın üstündə oturdu.
24 Qadının evində kökəldilmiş bir dana var idi. Tez onu kəsdi və un götürüb yoğurdu, ondan mayasız çörək bişirdi.
25 Sonra onu Şaulla əyanlarının qarşısına qoydu. Onlar yeyib ayağa qalxdılar və həmin gecə də durub getdilər.