< Birinci Şamuel 25 >
1 Şamuel öldü və bütün İsrail yığılıb onun üçün yas qurdu. Onu Ramada – öz evinin yanında dəfn etdilər. Sonra Davud durub Paran səhrasına endi.
2 Maonda yaşayan, Karmeldə mülkü olan çox varlı bir adam var idi. Onun üç min baş qoyunu, min baş keçisi vardı. O, qoyunlarını Karmeldə qırxdırırdı.
3 Bu adamın adı Naval, arvadının adı isə Aviqail idi. Qadın ağıllı və gözəl idi. Kalev nəslindən olan kişi isə kobud və bədxasiyyət idi.
4 Davud səhrada eşitdi ki, Navalın qoyun qırxımı var.
5 O, on nökər göndərib onlara dedi: «Karmelə qalxıb Navalın yanına gedin və məndən ona salam deyin.
6 Sonra ona belə deyərsiniz: “Ömrün uzun olsun! Sən və evin, səninkilərin hamısı qoy var olsun!
7 Eşitmişəm ki, indi sizdə yun qırxımıdır. Sənin çobanların bizim yanımızda olanda biz onları incitmədik və Karmeldə qaldıqları günlər ərzində heç nəyi əskilmədi.
8 Bunu öz nökərlərindən də soruşa bilərsən və onlar da sənə deyər. Qoy nökərlərim sənin gözündə lütf tapsın, çünki yanına bayram zamanı gəlmişik. Rica edirəm ki, qullarına və oğlun Davuda əlində olanından ver”».
9 Davudun nökərləri gəlib bütün bu sözləri Davudun adından Navala söyləyib gözlədilər.
10 Naval isə Davudun nökərlərinə belə cavab verdi: «Davud kimdir? Yessey oğlu kimdir? İndilərdə ağasından qaçan çox qullar var.
11 Çörəyimi, suyumu və qırxınçılar üçün kəsdiyim heyvanların ətini götürüb haradan olduğunu bilmədiyim adamlaramı verim?»
12 Davudun nökərləri öz yolları ilə geriyə qayıtdılar və gəlib bu sözlərin hamısını Davuda söylədilər.
13 Davud adamlarına «hamı qılıncını bağlasın» dedi. Hamı bir nəfər kimi qılıncını bağladı. Davud da belə etdi. Dörd yüz nəfər Davudun ardınca getdi və iki yüz nəfər isə ərzaqların yanında qaldı.
14 Navalın nökərlərindən biri onun arvadı Aviqailə xəbər verdi: «Bax ağamızı salamlamaq üçün Davud səhradan qasidlər göndərdi, ağamız isə onları təhqir etdi.
15 Amma həmin adamlar bizə çox yaxşılıq etmiş və bizi incitməmişdilər. Çöldə olduğumuz, onlarla gəzdiyimiz bütün günlər ərzində heç nəyimiz əskilməmişdi.
16 Qoyunları otararkən yanlarında olduğumuz günlər gecə və gündüz bizə dayaq oldular.
17 İndi isə budur, bax nə edəcəyini düşün, çünki ağamıza, onun bütün külfətinə qarşı pis qərar verilmişdir. Çünki Naval elə yaramaz insandır ki, ona kimsə söz deyə bilmir».
18 Bundan sonra Aviqail cəld tərpənib, iki yüz kömbə çörək və iki tuluq şərab hazırladı. Beş qoyun cəmdəyi, beş ölçü qovurğa, yüz salxım quru üzüm və iki yüz parça basılmış əncir lavaşanası götürüb eşşəklərə yüklədi.
19 Sonra nökərlərinə dedi: «Siz qabaqda gedin, arxanızca gəlirəm». Bu barədə əri Navala heç nə bildirmədi.
20 Aviqail eşşəyə minib dağın bağlı tərəfindən enərkən Davud da adamları ilə oraya enməkdə idi və qadın onlarla rastlaşdı.
21 Davud demişdi: «Doğrudan da, bu adamın çöldə olan bütün mallarını qorudum və onun heç nəyini əskilməyə qoymadım, amma nahaq yerə. O isə mənə yaxşılığımın əvəzində pislik etdi.
22 Əgər səhərədək onun bütün divar isladanlarından – kişilərindən birini belə, sağ buraxsam, qoy Allah Davudun düşmənlərinə beləsini və bundan betərini etsin».
23 Aviqail Davudu görcək cəld eşşəkdən düşdü və Davudun önündə üzünü yerə qoyaraq təzim etdi.
24 Sonra onun ayaqlarına düşüb dedi: «Ey ağam, bu günahı mənim üzərimə qoy. İzin ver ki, kənizin səninlə danışsın. Nə olar, kənizinin sözlərinə qulaq as.
25 Ağam, rica edirəm, Navalın – o yaramaz insanın acığını qəlbinə salma, çünki adı necədirsə, özü də elədir. Adı Naval olduğu kimi özü də axmaqdır. Ey ağam, mən kənizin ağamın göndərdiyi nökərləri görməmişəm.
26 Madam ki Rəbb səni indi qana batmaqdan və öz əlinlə qisas almaqdan saxladı, var olan Rəbbə və canına and olsun, ağamın düşmənləri və bədxahları Naval kimi olsun.
27 İndi isə izin ver, kənizinin ağama gətirdiyi bu hədiyyələr arxanca gələn cavanlara verilsin.
28 Yalvarıram, kənizinin günahını bağışla, çünki Rəbb mütləq ağam üçün möhkəm sülalə yaradacaq, ona görə ki ağam Rəbbin döyüşlərini edir və ömrün boyu səndə şər olmayacaq.
29 Kimsə qalxıb səni qovmaq və canını almaq istəyəndə ağamın canı Rəbb Allahın həyat kisəsində saxlanılacaq, sənin düşmənlərinin canı isə sapandın ortasından atılan daş kimi atılacaq.
30 Rəbb ağama dediyi yaxşılıqların hamısını həyata keçirəndə və səni İsrailə hökmdar edəndə
31 ağam nahaq qan töküb özü üçün qisas aldığına görə peşman olmayacaq, vicdan əzabı çəkməyəcək. Rəbb ağama yaxşılıq edəndə kənizini də yada sal».
32 Davud Aviqailə dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün məni qarşılamağa səni göndərdi.
33 Ağlına bərəkallah, xeyir-dualı olasan! Bu gün məni qan tökməkdən və əlimlə öz qisasımı almaqdan saxladın.
34 Həqiqətən, məni sizə pislik etməkdən sən saxladın, İsrailin Allahı var olan Rəbbə and olsun, əgər cəld tərpənib mənim qarşıma çıxmasaydın, mütləq səhər işığına qədər Navalın divar isladanlarından – kişilərindən biri də sağ qalmayacaqdı».
35 Davud onun gətirdiyi şeyləri əlindən alıb dedi: «Evinə salamat get, budur, sənin sözünə baxıb xahişini yerinə yetirdim».
36 Aviqail Navalın yanına gəldi. Navalın evində padşah ziyafətinə oxşar bir ziyafət vardı. O çox sərxoş olduğuna görə könlü nəşəli idi. Səhər açılana qədər qadın ona heç nə bildirmədi.
37 Səhər açılanda, Naval şərabdan ayılan kimi arvadı baş verən hadisələri ona danışdı və Navalın ürəyindən ağrı tutdu, bədəni daşa döndü.
38 Bununla da təxminən on gündən sonra Rəbb Navalı vurdu və o öldü.
39 Davud Navalın öldüyünü eşidəndə dedi: «Navalın əli ilə yaranan rüsvayçılığımı görüb qulunu davadan və pislikdən saxlayan Rəbbə alqış olsun! Rəbb Navalın bədxahlığını öz başına gətirdi». Davud Aviqaili özünə arvad olaraq almaq üçün ona elçi göndərdi.
40 Davudun elçiləri Karmelə, Aviqailin yanına gəlib belə söylədilər: «Səni arvad olaraq almaq üçün Davud bizi elçi göndərdi».
41 Aviqail qalxıb yerədək təzim edib dedi: «Qoy kənizin ağamın qullarının ayaqlarını yumaq üçün bir qarabaş olsun».
42 O cəld qalxıb eşşəyə mindi. Ona xidmət edən beş gənc qadını yanına alaraq Davudun qasidlərinin ardınca getdi və Davudun arvadı oldu.
43 Davud İzreelli Axinoamı da almışdı. Hər ikisi onun arvadı oldu.
44 Şaul isə qızı Mikalı – Davudun arvadını Qallimli Layiş oğlu Paltiyə ərə vermişdi.