< Birinci Şamuel 2 >
1 Xanna Rəbbə belə dua etdi: «Rəbdə tapdığım sevincdən ürəyim cuşa gəlir, Rəbb mənə böyük güc verir, Düşmənlərimin önündə öyünürəm, Çünki Sən məni qurtardığına görə sevinirəm.
2 Rəbbə oxşar ikinci müqəddəs yoxdur, Ey Rəbb, yeganəsən Sən! Allahımız kimi sığınacaq qaya yoxdur!
3 Artıq qürurla danışmayın, Dilinizdən təkəbbürlü sözlər çıxmasın. Çünki Rəbb hər şeyi bilən Allahdır, Hər iş Onun tərəfindən ölçülür.
4 İgidlərin yayları qırılır, Büdrəyənlər isə Onun qüdrəti ilə qurşanır.
5 Toxlar azuqə üçün muzdla işlərkən Aclar doyuzdurulur. Sonsuz qadın yeddi övlad doğur, Çoxuşaqlı qadın isə tənha qalır.
6 Rəbb insanı həm öldürür, həm dirildir. Ölülər diyarına həm endirir, həm çıxarır. (Sheol )
7 Rəbb yoxsulluq və var-dövlət göndərir, Alçaldır və yüksəldir.
8 O, yoxsulları toz-torpağın içindən götürür, Fəqirləri küllükdən çıxarır. Onları hökmdarların yanında əyləşdirir, Onlara irs olaraq şərəf taxtını verir. Çünki Rəbb yerin təməlini qoydu, Onun üzərində dünyanı qurdu.
9 Sadiq qullarının addımlarını qoruyur, Pisləri isə zülmətdə susdurur. Çünki insan öz qüvvəsi ilə zəfər çalmır.
10 Rəbbə qarşı duranlar parça-parça olacaq, Haqq-Taala onların üzərində göyləri gurladacaq. Rəbb yer üzünün qurtaracağınadək hər yerdə hakimlik edir, Öz padşahına qüvvət verəcək, Məsh etdiyinə böyük güc verəcək!»
11 Sonra Elqana Ramadakı evinə qayıtdı. Kiçik Şamuel isə kahin Elinin nəzəri altında Rəbbə xidmət etməyə başladı.
12 Elinin oğulları yaramaz adamlar idi.
13 Onlar Rəbbi tanımırdı. Bu kahinlərin xalqla rəftarı belə idi: qurban təqdim edilən zaman, ət qaynayarkən kahinin xidmətçisi əlində üçdişli ət qarmağı ilə gələrdi.
14 Ət qarmağını qazana, təknəyə, tavaya, bardağa salardı və qarmaqla nə çıxardısa, bu kahinlər onu özlərinə götürərdi. Onlar Şiloya qurban gətirən İsraillilərin hamısı ilə belə rəftar edirdilər.
15 Üstəlik də qurbanın iç piyini yandırmazdan əvvəl kahinin xidmətçisi gəlib qurban gətirən adama deyərdi: «Kahinə qızartma üçün ət ver. İndi isə o səndən bişmiş ət deyil, çiy ət istəyir».
16 Əgər qurban gətirən «qoy əvvəlcə iç piyi yandırılsın, sonra istədiyin payı gəl götür» deyərdisə, xidmətçi «xeyr, indi ver, yoxsa zorla götürərəm» deyə cavab verərdi.
17 Rəbbin gözü önündə bu gənclər çox böyük günah işlədirdilər, çünki onlar Rəbbə gətirilən təqdimlərə hörmət etmirdilər.
18 Kiçik Şamuel isə əyninə kətan efod geyərək Rəbbin önündə xidmət edirdi.
19 Anası Şamuelə kiçik cübbə tikərdi. Hər il atası illik qurbanı təqdim etmək üçün Şiloya gələndə o da tikdiyi kiçik cübbəni gətirib oğluna verərdi.
20 Kahin Eli isə Elqana ilə arvadına xeyir-dua verərək «arvadının istədiyi və Rəbbə əhd etdiyi uşağın yerinə Rəbb sənə bu qadından yeni övladlar versin» deyərdi. Bundan sonra onlar evlərinə qayıdardı.
21 Rəbbin lütfü ilə Xanna yenə hamilə olub bundan sonra üç oğul və iki qız doğdu. Kiçik Şamuel isə Rəbbin hüzurunda böyüyürdü.
22 Eli artıq çox qocalmışdı. O, oğullarının İsraillilərə etdikləri və Hüzur çadırının girişində xidmət edən qadınlarla əxlaqsızlıqları barədə hər şeyi eşitmişdi.
23 Eli onlara dedi: «Nə edirsiniz? Bütün xalqdan etdiyiniz pis əməllər barədə eşidirəm.
24 Belə yaramaz, oğullarım! Eşitdiyim yaxşı xəbər deyil. Rəbbin xalqını yoldan çıxarırsınız.
25 İnsan insana qarşı günah işlədərsə, onun üçün Allaha yalvarmaq olar. Amma Rəbbə qarşı günah işlədənə kim yalvarışla zamin durar?» Lakin onlar atalarının sözlərinə qulaq asmazdılar, çünki Rəbb onları ölümə məhkum etmişdi.
26 Kiçik Şamuel isə getdikcə böyüyür, Rəbbin və insanların gözündə hörmət qazanırdı.
27 Həmin dövrdə bir Allah adamı Elinin yanına gəlib söylədi: «Rəbb belə deyir: “Misirdə atan və onun nəsli fironun xalqına kölə olarkən Özümü onlara aydın göstərmədimmi?
28 Qurbangahıma çıxaraq buxur yandırıb önümdə efod geyməsi üçün bütün İsrail qəbilələri arasından yalnız atanı Özümə kahin seçmədimmi? İsraillilərin verdiyi yandırma təqdimlərinin hamısını atanın nəslinə vermədimmi?
29 Bəs nə üçün məskənimə buyurduğum qurban və təqdimlərə hörmətsizlik edirsiniz? Nə üçün oğullarını Məndən üstün tutursan? Xalqım İsrailin bütün təqdimlərinin ən əlası ilə özünüzü kökəltdiyinizə görəmi?”
30 Ona görə də İsrailin Allahı Rəbb belə deyir: “Həqiqətən, ailən və ata nəslin əbədilik Mənə xidmət edəcək” demişdim, amma indi belə deyirəm: “Yox, Mən belə etməyəcəyəm. Mənə hörmət edənləri hörmətə çatdıracağam, Məni saymayanlar isə rüsvay ediləcək!
31 Budur, elə günlər gəlir ki, sənin də, ata nəslinin də gücünü qıracağam və nəslindən heç kim uzun ömür sürməyəcək.
32 İsrailə etdiyim yaxşılığın əvəzinə sən evində qəm-qüssə görəcəksən və artıq nəslindən heç kim uzun ömür sürməyəcək.
33 Aranızda qurbangahımdan ayağını kəsmədiyim bir adam olacaq ki, onu da gözlərini kor etmək və qəlbini kədərləndirmək üçün sağ saxlayacağam. Nəslindən olanların hamısı az ömür sürüb öləcək.
34 İki oğlunun – Xofni və Pinxasın eyni bir gündə ölməsi sənə bir işarə olacaq.
35 Mən isə Özümə istəklərimi və arzularımı yerinə yetirən vəfalı bir kahin seçəcəyəm. Onun nəslini əbədiləşdirəcəyəm. Məsh etdiyimin önündə o xidmət edəcək.
36 Ailəndən sağ qalan hər kəs bir az gümüş pul və bir parça çörək üçün gəlib onun qarşısında əyiləcək, ‹nə olar, bir parça çörək üçün mənə hər hansı bir kahinlik işi ver› deyərək yalvaracaq”».