< Birinci Şamuel 19 >
1 Şaul oğlu Yonatana və bütün əyanlarına tapşırdı ki, Davudu öldürsünlər. Lakin Şaulun oğlu Yonatanın Davuddan çox xoşu gəlirdi.
2 Yonatan Davuda xəbər verib dedi: «Atam Şaul səni öldürmək istəyir. İndi isə rica edirəm, səhərə qədər özünü qoru. Bir yer tap, gizlən.
3 Mən isə çöldə gizləndiyin yerə çıxaraq atamın yanında dayanıb sənin haqqında onunla danışacağam. Əgər bir şey görsəm, gəlib sənə xəbər verərəm».
4 Yonatan atası Şaula Davudu tərifləyib dedi: «Padşah qulu Davuda qarşı günah etməsin, çünki o sənə qarşı heç vaxt günah etməyib və onun işləri sənin üçün çox xeyirli olmuşdur.
5 O, canını dişinə tutub Qolyatı öldürdü və Rəbb bütün İsrailə böyük qələbə qazandırdı. Bunu sən də görüb sevindin. Davudu boş yerə öldürməklə nə üçün nahaq qan töküb günah edirsən?»
6 Şaul Yonatanın sözünü dinləyib «var olan Rəbb haqqı, onu öldürməyəcəyəm» deyə and içdi.
7 Yonatan Davudu çağırdı və bütün bu sözləri ona xəbər verdi. Sonra o, Davudu Şaulun yanına gətirdi və Davud əvvəlki kimi Şaulun qulluğunda durdu.
8 Yenidən müharibə başladı. Davud qalxıb Filiştlilərə qarşı vuruşdu, onları məğlubiyyətə uğratdı və Filiştlilər Davudun qabağından qaçdılar.
9 Şaul əlində nizə evdə oturmuşdu, Rəbbin izni ilə şər ruh onun üzərinə endi. Davud isə əlində lira çalırdı.
10 Şaul Davudu nizə ilə divara yapışdırmağa çalışdı, lakin Davud Şaulun qabağından qaçdı, nizə divara yapışdı. Davud o gecə qaçıb canını qurtardı.
11 Şaul Davudun evinə adamlar göndərdi ki, onu güdüb səhər ikən öldürsünlər. Davudun arvadı Mikal bunu Davuda xəbər verib dedi: «Əgər bu gecə canını qurtarmasan, səhər ikən öldürüləcəksən».
12 Sonra Mikal Davudu pəncərədən aşağı saldı və o qaçaraq qurtuldu.
13 Mikal ev bütünü götürüb yatağa uzatdı və başına tüklü keçi dərisi keçirib üstünü paltarla örtdü.
14 Şaulun Davudu yaxalamaq üçün göndərdiyi adamlar gələndə Mikal dedi ki, o xəstədir.
15 Şaul Davudu görmək istəyirdi. Onun üçün başqa adamlar göndərib dedi: «Onu yatağının içindən çıxarıb yanıma gətirin ki, öldürüm».
16 Bu adamlar içəri girib gördülər ki, yataqda başına tüklü keçi dərisi keçirilmiş büt uzanıb.
17 Şaul Mikala dedi: «Niyə məni aldatdın? Düşmənimi buraxdın, o da qurtuldu». Mikal Şaula cavab verdi: «Davud mənə dedi ki, məni burax, gedim! Axı niyə səni öldürüm?»
18 Davud qaçıb qurtuldu və Ramaya, Şamuelin yanına gəldi. Şaulun ona qarşı nə etdiyini təfsilatı ilə Şamuelə danışdı və onunla birlikdə gedib Nayot məhəlləsində qaldılar.
19 «Budur, Davud Ramanın Nayot məhəlləsindədir» deyə Şaula xəbər verdilər.
20 Şaul Davudu gətirmək üçün oraya adamlar göndərdi. Adamlar Şamuelin başçılığı altında peyğəmbərlər dəstəsinin peyğəmbərlik etdiyini gördülər. Onda bu adamların da üstünə Allahın Ruhu endi və onlar da peyğəmbərlik etməyə başladılar.
21 Bunu Şaula xəbər verdilər, o başqa adamlar göndərdi və onlar da peyğəmbərlik etdilər. Şaul üçüncü dəfə yenə adamlar göndərdi, onlar da peyğəmbərlik etdilər.
22 Axırda özü Ramaya getdi və Sekuda olan böyük quyunun yanına gəlib oradakılardan soruşdu: «Şamuellə Davud haradadırlar?» Bir nəfər dedi ki, budur, Ramadakı Nayotda.
23 Şaul Ramadakı Nayota gedəndə onun da üstünə Allahın Ruhu endi və Ramadakı Nayota çatana qədər peyğəmbərlik edərək getdi.
24 Sonra o, paltarını soyunub Şamuelin qabağında peyğəmbərlik etdi və gəlib bütün o günü və gecəni çılpaq yerə sərildi. Buna görə də «Məgər Şaul da peyğəmbərlərin sırasındadır?» deyirlər.