< Birinci Şamuel 12 >
1 Şamuel İsraillilərin hamısına dedi: «Baxın mən dediklərinizə axıradək qulaq asaraq üzərinizə bir padşah təyin etdim.
2 İndi qarşınızda padşah gedir, mən isə qocalmışam, saçlarım ağarıb. Budur, oğlanlarım da sizinlədir. Mən də gəncliyimdən bu günə qədər sizin qarşınızda getmişəm.
3 Budur, qarşınızdayam, hansınızın öküzünü almışam? Kimin eşşəyini almışam? Kimi aldatmışam, kimi incitmişəm və yaxud kimdən rüşvət alıb haqsız əməlinə göz yummuşam? Rəbbin və Onun məsh etdiyinin qarşısında mənə qarşı şəhadət edin ki, haqqınızı ödəyim».
4 Onlar belə cavab verdilər: «Sən bizi heç vaxt aldatmamısan, incitməmisən, heç kimin əlindən də heç nə almamısan».
5 Şamuel onlara dedi: «Sizə qarşı əlimdə bir şey tapmadığınıza bu gün Rəbb və Onun məsh olunmuş padşahı da şahiddir». Xalq dedi: «Bəli, şahiddir».
6 Şamuel xalqa dedi: «Musanı və Harunu təyin edən, atalarınızı Misir torpağından çıxaran Rəbdir.
7 İndi isə Rəbbin hüzurunda dayanın. Rəbbin sizə və atalarınıza etdiyi bütün haqq işlər barədə sübutlar göstərəcəyəm.
8 Yaqub Misirə gəldi. Sonra atalarınız Rəbbə fəryad etdilər. Rəbb Musa ilə Harunu göndərdi ki, atalarınızı Misirdən çıxardıb bu yerdə məskunlaşdırsın.
9 Lakin onlar özlərinin Allahı Rəbbi unutdular, Rəbb də onları Xasor ordusunun başçısı Sisraya, Filiştlilərə və Moav padşahına təslim etdi. Onlar atalarınıza qarşı vuruşdular».
10 Xalq Rəbbə fəryadla dedi: «Rəbbi atıb Baal və Aştoret bütlərinə qulluq etməklə günah etdik. Ya Rəbb, indi bizi düşmənlərimizin əlindən qurtar və biz Sənə qulluq edərik».
11 Rəbb də Yerub-Baalı, Bedanı, İftahı və Şamueli göndərdi. O sizi ətrafınızdakı düşmənlərin əlindən qurtardı və əmin-amanlıqda yaşadınız.
12 Amma siz Ammon padşahı Naxaşın sizə qarşı gəldiyini görəndə Rəbb Allahınız sizə padşah ikən mənə dediniz: «Xeyr, gərək bizə bir padşah hökmranlıq etsin».
13 İndi isə budur seçdiyiniz və istədiyiniz padşah! Baxın Rəbb üzərinizə bir padşah qoydu.
14 Əgər Rəbdən qorxub Ona qulluq edərək səsinə qulaq assanız, əmrinə qarşı çıxmasanız, həm sizə hökmranlıq edən padşahınız, həm də siz Allahınız Rəbbin ardınca gedəcəksiniz.
15 Yox, əgər Rəbbin səsinə qulaq asmasanız və Rəbbin əmrinə qarşı çıxsanız, o zaman Rəbbin əli atalarınıza qarşı olduğu kimi sizin də əleyhinizə olacaq.
16 İndi isə dayanın, Rəbbin gözünüz önündə edəcəyi bu böyük hadisəni görün.
17 Bu gün buğda biçimi deyilmi? Göy gurultusu və yağış göndərsin deyə Rəbbi çağıracağam, özünüz üçün padşah istəməklə etdiyiniz pisliyin Rəbbin gözündə nə qədər böyük olduğunu dərk edib görəcəksiniz.
18 Şamuel Rəbbi çağırdı və Rəbb o gün göy gurladıb yağış yağdırdı. Bütün xalq həmin gün Rəbdən və Şamueldən çox qorxdu.
19 Camaat Şamuelə belə dedi: «Qulların üçün Allahın Rəbbə yalvar ki, ölməyək, çünki bütün günahlarımızın üzərinə özümüzə padşah istəmək təqsirini də əlavə etdik».
20 Şamuel isə xalqa dedi: «Qorxmayın, bu pisliyi həqiqətən siz etmisiniz, lakin Rəbbin yolundan dönməyin, bütün qəlbinizlə yalnız Rəbbə qulluq edin.
21 Dönməyin, çünki o zaman boş bütlərin ardınca getmiş olacaqsınız, o bütlər ki fayda verməz və xilas etməzlər, çünki puçdurlar.
22 Amma Rəbb xalqını Öz böyük ismi naminə atmayacaq, ona görə ki sizi Öz xalqı etmək Rəbbin xoşuna gəlmişdi.
23 Mənə gəlincə, sizin üçün yalvarmağı dayandırmaqla Rəbbə qarşı günah etmək qoy məndən uzaq olsun. Mən sizə xeyirli və düz yolu öyrədəcəyəm.
24 Ancaq Rəbdən qorxun, Ona sədaqətlə, bütün qəlbinizlə xidmət edin. Görün sizin üçün necə əzəmətli işlər görüb.
25 Əgər pislik etməkdə davam etsəniz, həm siz, həm də padşahınız məhv olacaq».