< 1 Peter 5 >
1 Ey aranızda olan ağsaqqallar! Mən də sizin kimi ağsaqqal və Məsihin əzablarının şahidiyəm, zühur edəcək izzətə də şərikəm. Sizə yalvarıram,
2 Allahın sizə həvalə etdiyi sürüsünü otarın. Ona zorla yox, könüllü və Allahı razı salan tərzdə, haqsız qazanca həris olmadan, həvəslə nəzarət edin.
3 Sizə tapşırılanlar üzərində ağalıq etməyin, amma sürüyə nümunə olun.
4 Baş Çoban zühur etdiyi zaman siz solmayan izzət tacı alacaqsınız.
5 Eyni ilə, siz də, ey gənclər, ağsaqqallara tabe olun. Hamınız bir-birinizə itaətkarlıq göstərin. Çünki «Allah məğrurlara qarşıdır, itaətkarlara isə lütf göstərər».
6 Allahın qüdrətli əli altında özünüzü aşağı tutun, onda Allah sizi vaxtı çatanda ucaldacaq.
7 Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.
8 Ayıq durun, oyaq olun. Çünki düşməniniz olan iblis nərildəyən və kimisə aşırmaq istəyən aslan kimi dolaşır.
9 Möhkəm imanla ona qarşı durun. Bilin ki, bütün dünyada bacı-qardaşlarınız da eyni cür əzab çəkirlər.
10 Siz qısa bir müddət əzab çəkdikdən sonra sizi İsa Məsihdə Özünün əbədi izzətinə çağırmış, hər cür lütf verən Allah Özü sizi bərpa edəcək, möhkəmlədəcək, qüvvətləndirəcək və sarsılmaz təmələ oturdacaq. (aiōnios )
11 Qüdrət əbədi olaraq Onun olsun! Amin. (aiōn )
12 Bu qısa məktubu etibarlı saydığım qardaşımız Sila vasitəsilə sizə yazıram. Sizi həvəsləndirərək şəhadət etdim ki, Allahın həqiqi lütfü budur. Ona bağlı qalın.
13 Sizin kimi seçilmiş Babildəki cəmiyyət və oğlum Mark da sizi salamlayır.
14 Bir-birinizi məhəbbətlə öpərək salamlayın. Məsihdə olan hamınıza sülh olsun!