< Birinci Padşahlar 8 >
1 O zaman padşah Süleyman İsrailin ağsaqqallarını, bütün qəbilə başçılarını, yəni İsrail övladlarının nəsil rəhbərlərini Yerusəlimə, özünün yanına topladı ki, Rəbbin Əhd sandığını Davudun şəhəri olan Siondan yuxarı gətirsinlər.
2 Yeddinci – Etanim ayında olan bayram vaxtı bütün İsrail xalqı padşah Süleymanın yanına toplandı.
3 Bütün İsrail ağsaqqalları gələndə kahinlər Rəbbin sandığını götürdülər.
4 Onunla birgə Hüzur çadırını və çadırda olan bütün müqəddəs əşyaları kahinlər və Levililər yuxarı gətirdilər.
5 Padşah Süleyman və onun yanına toplanmış bütün İsrail icması sandığın önündə çoxluğuna görə sayı-hesabı bilinməyən qədər qoyun-keçi və mal-qara qurban kəsirdilər.
6 Kahinlər Rəbbin Əhd sandığını öz yerinə, məbədin iç otağına – Ən Müqəddəs yerə, keruvların qanadları altındakı yerinə gətirdilər.
7 Keruvlar qanadlarını sandığın yeri üzərində açmışdı, onlar sandığı və onun şüvüllərini örtmüşdü.
8 Şüvüllər elə uzun idi ki, onların ucu iç otağın önündəki Müqəddəs yerdən görünürdü, ancaq bayır tərəfdən görünmürdü. Onlar bu günə qədər oradadır.
9 İsrail övladları Misir torpağından çıxdıqları zaman Rəbbin onlarla əhd bağladığı Xorevdə Musa sandığın içinə iki daş lövhə qoymuşdu. Bunlardan başqa, sandığın içində heç bir şey yox idi.
10 Kahinlər Müqəddəs yerdən çıxdıqları vaxt bulud Rəbbin məbədini elə doldurdu ki,
11 buluda görə onlar ibadət etmək üçün orada dayana bilmədilər. Çünki Rəbbin izzəti Onun məbədini doldurmuşdu.
12 O zaman Süleyman dedi: «Rəbb istədi ki, qatı qaranlıqda məskən salsın.
13 Mən Sənin üçün uca bir məbəd tikdim ki, Sənin əbədi yaşayacağın yer olsun».
14 Padşah dönüb bütün İsrail camaatına xeyir-dua verdi. Bu zaman bütün İsrail camaatı ayaq üstə durmuşdu.
15 Padşah dedi: «İsrailin Allahı Rəbbə alqış olsun ki, atam Davuda Öz ağzı ilə dediyini Öz əli ilə yerinə yetirdi. O söyləmişdi:
16 “Mən xalqım İsraili Misirdən çıxardığım gündən bəri bir məbəd tikmək üçün İsrailin heç bir qəbiləsindən şəhər seçməmişdim ki, adım üstündə olsun, ancaq xalqım İsrailin üzərində olmaq üçün Davudu seçdim”.
17 Atam Davudun ürəyində İsrailin Allahı Rəbbin adına bir məbəd tikmək istəyi var idi.
18 Lakin Rəbb atam Davuda dedi: “Sən yaxşı eləmisən ki, Mənim adıma bir məbəd tikmək niyyətinə düşmüsən.
19 Ancaq məbədi sən tikməyəcəksən, sənin belindən gələn oğlun Mənim adıma məbəd tikəcək”.
20 Rəbb vəd etdiyini yerinə yetirdi: belə ki mən atam Davudun yerinə qalxdım, Rəbbin dediyi kimi İsrail taxtında oturdum və İsrailin Allahı Rəbbin adına məbəd tikdim.
21 Orada sandıq üçün yer hazırladım. Atalarımızı Misir torpağından çıxardığı vaxt Rəbbin onlarla bağladığı əhd onun içindədir».
22 Süleyman Rəbbin qurbangahı önündə, bütün İsrail camaatının qarşısında durdu və əllərini göyə açıb dedi:
23 «Ya Rəbb, İsrailin Allahı! Nə yuxarıda göydə, nə də aşağıda yerdə Sənin kimi Allah yoxdur. Sən bütün ürəkləri ilə yolunla gedən qullarına əhdini və lütfünü saxlayırsan.
24 Sən qulun atam Davuda verdiyin vədə əməl etdin, Öz dilinlə söylədiyini bu gün Öz əlinlə yerinə yetirdin.
25 Ya Rəbb, İsrailin Allahı, indi də qulun atam Davuda dediyin sözə əməl et, Özün söyləmişdin: “Sən yolumla getdiyin kimi oğulların da yolumla gedərək öz əməllərinə diqqət etsələr, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”.
26 Ey İsrailin Allahı, indi qulun atam Davuda dediyin sözü təsdiq et!
27 Lakin, doğrudan da, Allah yerdə yaşayarmı? Sən göyə və göylərin göyünə sığmazsan, o ki qaldı mənim tikdiyim məbədə!
28 Ancaq Sən bu qulunun duasına və yalvarışına nəzər sal, ya Rəbb Allahım. Bu gün qulunun Sənin önündə etdiyi fəryadı və duanı eşit.
29 Qoy Sənin nəzərin gecə-gündüz bu məbədin üstündə olsun. Bu yer barədə Sən demisən: “Mənim adım orada olacaq”. Qulunun buraya üz tutub etdiyi duanı eşit.
30 Bu yerə tərəf dua etdikləri vaxt Öz qulunun və xalqın İsrailin yalvarışlarını Sən eşit, göydə – Öz məskənində eşit və bağışla!
31 Əgər bir adam öz yaxınına qarşı günah edərsə və ondan and içmək tələb olunarsa, o da gəlib bu məbəddə, Sənin qurbangahın önündə and içərsə,
32 o vaxt Sən göydə eşit və belə et, qulların üzərində hökm et: əməlini öz başına döndərərək müqəssiri ittiham et və təqsirsizə salehliyinə görə bəraət ver.
33 Əgər xalqın İsrail Sənə qarşı günah etdiyi üçün düşmən önündə məğlub olsa, onlar təkrar Sənə tərəf dönüb adını dillərinə gətirsələr və bu məbəddə Sənə yalvarıb fəryad etsələr,
34 o vaxt Sən göydə eşit və xalqın İsrailin günahını bağışla, onları yenə atalarına verdiyin torpağa qaytar.
35 Əgər xalqın Sənin önündə günah etdiyi üçün göy bağlanıb yağış yağmayan vaxt bu yerə tərəf dua edərək adını dillərinə gətirsələr və Sən onlara bəla göndərdiyin vaxt öz günahlarından dönsələr,
36 o vaxt Sən göydə eşit, qullarının və xalqın İsrailin günahını bağışla və gedəcəkləri doğru yolu onlara göstər. Xalqına irs kimi verdiyin torpağına da yağış göndər.
37 Əgər ölkədə aclıq, vəba olarsa, səmum küləyi ya kif, çəyirtkə ya bitki qurdu olarsa, əgər düşmən onları ölkənin hər hansı bir şəhərində mühasirəyə alarsa – hansı bəla, hansı xəstəlik olursa-olsun –
38 kimsə tərəfindən yaxud da bütün xalqın İsrail tərəfindən bir dua və yalvarış olarsa, hər kəs öz ürəyinin dərdini bilib bu məbədə tərəf əllərini açarsa,
39 o vaxt Sən göydə – Öz məskənində eşit, bağışla və bir əlac et. Ürəyini bildiyin hər adama bütün əməllərinə görə əvəz ver, çünki hər insanın ürəyini yalnız Sən bilirsən.
40 Ta ki onlar atalarımıza verdiyin torpaqda yaşadıqları bütün günlər boyu Səndən qorxsunlar.
41 Əgər xalqın İsraildən olmayan yadelli də Sənin adın naminə uzaq ölkədən gəlsə,
42 Sənin böyük adın, qüdrətli əlin və uzanan qolun barədə eşidib bu məbədə tərəf dua etsə,
43 o vaxt Sən göydə – Öz məskənində eşit və yadellinin Sənə fəryad etdiyi hər şeyi elə ki, yer üzünün bütün xalqları da Sənin adını tanısınlar, xalqın İsrail kimi Səndən qorxsunlar və tikdiyim bu məbədin Sənin adınla çağırıldığını bilsinlər.
44 Əgər xalqın göndərdiyin yolla düşməninə qarşı müharibəyə çıxsa və Sənin seçdiyin şəhərə tərəf, Sənin adına tikdiyim məbədə doğru üz çevirib Rəbbə dua etsə,
45 Sən göydə onların dua və yalvarışlarını eşit, onların tərəfində ol.
46 Əgər onlar önündə günah etsələr – çünki günah etməyən insan yoxdur – Sən qəzəblənib onları düşmənə təslim etsən və düşmən onları əsir edib yaxın ya uzaq torpağına aparsa,
47 onlar əsirlikdə olduqları ölkədə ürəklərini döndərib tövbə etsələr və Sənə dua edərək “biz günah və haqsızlıq etdik, pislik etdik” desələr,
48 onları əsir edən düşmənlərin ölkəsində bütün ürəkləri və canları ilə Sənə tərəf dönsələr, atalarına verdiyin torpağa, seçdiyin şəhərə və adına tikdiyim məbədə tərəf üz tutub Sənə dua etsələr,
49 o vaxt Sən göydə – Öz məskənində onların dua və yalvarışlarını eşit, onların tərəfində ol.
50 Sənin önündə günah edən xalqını və onun Sənə qarşı etdiyi bütün üsyankarlıqları bağışla və onları əsir alanlara insaf ver ki, onlara qarşı rəhmli olsunlar.
51 Çünki onlar Sənin xalqın, Sənin irsindir, Sən onları Misirdən, dəmir kürənin içindən çıxartmısan.
52 Bu qulunun və xalqın İsrailin yalvarışına nəzər yetir ki, onların Sənə fəryad etdikləri hər sözü eşidəsən.
53 Çünki, ya Xudavənd Rəbb, Sən irsin olmaq üçün onları yer üzünün bütün xalqlarından ayırdın. Bunu atalarımızı Misirdən çıxartdığın vaxt qulun Musa vasitəsilə söyləmişdin».
54 Süleyman bütün bu dua və yalvarışlarını Rəbbə söyləyib qurtarandan sonra Rəbbin qurbangahı önündən, əlləri göyə açıq halda diz çökdüyü yerdən qalxdı.
55 O ayağa durdu və bütün İsrail camaatına uca səslə xeyir-dua verib dedi:
56 «Rəbbə alqış olsun ki, vəd etdiyi kimi xalqı İsrailə dinclik verdi! Öz qulu Musanın vasitəsilə verdiyi yaxşı vədlərindən heç biri hədər getmədi.
57 Qoy Allahımız Rəbb atalarımıza yar olduğu kimi bizə də yar olsun, qoy bizi buraxmasın və tərk etməsin.
58 Bizim ürəklərimizi Özünə tərəf yönəltsin ki, Onun yolları ilə gedək və Onun atalarımıza buyurduğu əmrlərinə, qanunlarına və hökmlərinə əməl edək.
59 Qoy Rəbbin önündə bu yalvarış sözlərim gecə-gündüz Rəbb Allahımızın xatirində olsun, Öz qulunun və xalqı İsrailin yaxşılığı üçün günbəgün çalışsın.
60 Ta ki yer üzünün bütün xalqları bilsin: yalnız Rəbb Allahdır, Ondan başqası yoxdur.
61 Qoy sizin ürəyiniz bütünlüklə Allahımız Rəbbə sadiq olsun ki, bu gün olduğu kimi Onun qanunları ilə gedəsiniz və Onun əmrlərinə əməl edəsiniz».
62 Padşah və onunla birgə bütün İsraillilər Rəbbin önündə qurbanlar kəsdilər.
63 Süleymanın Rəbbə təqdim etdiyi ünsiyyət qurbanlarının sayı iyirmi iki min baş mal-qara və yüz iyirmi min baş qoyun-keçi idi. Beləliklə, padşah və bütün İsrail övladları Rəbbin məbədini təqdis etdilər.
64 Həmin gün padşah Rəbbin məbədi önündəki həyətin ortasını təqdis etdi ki, yandırma qurbanlarını, taxıl təqdimlərini və ünsiyyət qurbanlarının piyini orada təqdim etsin, çünki Rəbbin önündəki tunc qurbangah kiçik olduğu üçün yandırma qurbanları, taxıl təqdimləri və ünsiyyət qurbanlarının piyi oraya yerləşməzdi.
65 O vaxt Süleyman və onunla birgə böyük bir camaat – Xamat keçidindən Misir vadisinə qədər yaşayan bütün İsraillilər Allahımız Rəbbin önündə yeddi gün və daha yeddi gün – on dörd gün bayram etdilər.
66 Səkkizinci gün Süleyman xalqı buraxdı. Onlar padşaha xeyir-dua verib Rəbbin qulu Davuda və xalqı İsrailə etdiyi bütün yaxşılıqlara görə sevinclə və şad ürəklə öz evlərinə getdilər.