< Birinci Padşahlar 4 >
1 Padşah Süleyman bütün İsrail üzərində hökmran idi.
2 Əyanları da bunlar idi: Kahin – Sadoq oğlu Azarya;
3 Mirzələr – Şişanın oğulları Elixoref və Axiya; Salnaməçi – Axilud oğlu Yehoşafat;
4 Ordu başçısı – Yehoyada oğlu Benaya; Kahinlər – Sadoq və Evyatar;
5 Baş vali – Natan oğlu Azarya; Padşahın həmsöhbəti – kahin Natan oğlu Zavud;
6 Saray rəisi – Axişar; Mükəlləfiyyətçilər üzərində nəzarətçi – Avda oğlu Adoniram.
7 Bütün İsrail üzərində Süleymanın on iki bölgə valisi var idi. Onlar padşahı və onun evini ərzaqla təmin edirdilər və hər biri ildə bir aylıq ərzaq göndərməli idi.
8 Onların adları belədir: Efrayimin dağlıq bölgəsində Ben-Xur;
9 Maqas, Şaalvim, Bet-Şemeş və Elon-Bet-Xanan bölgələrində Ben-Deqer;
10 Soko və bütün Xefer torpağının da aid olduğu Arubbot bölgəsində Ben-Xesed;
11 bütün Nafat-Dor bölgəsində Süleymanın qızı Tafatın əri olan Ben-Avinadav;
12 Taanak, Megiddo, İzreelin altındakı Sartanın yanında olan bütün Bet-Şean bölgəsində və Bet-Şeandan Avel-Mexolaya, Yoqmeamın o biri tərəfinə qədər uzanan bölgədə Axilud oğlu Baana;
13 Gileadda olan Menaşşe oğlu Yairin kəndlərinin və Başanda olan Arqov ətrafında divarlar və tunc sürgülərlə bağlanmış altmış böyük şəhərin aid olduğu Ramot-Gilead bölgəsində Ben-Gever;
14 Maxanayim bölgəsində İddo oğlu Axinadav;
15 Naftali torpağında Süleymanın qızı Basmatı arvad alan Aximaas;
16 Aşer torpağında və Alot bölgəsində Xuşay oğlu Baana;
17 İssakar torpağında Paruah oğlu Yehoşafat;
18 Binyamin torpağında Ela oğlu Şimey;
19 Gilead torpağında, yəni keçmişdə Emorluların padşahı Sixona və Başan padşahı Oqa məxsus olan ölkədə bu bölgənin yeganə valisi olan Uri oğlu Gever.
20 Yəhudalılar və İsraillilər dəniz qırağında olan qum qədər çox idi. Onlar yeyib-içir və xoşbəxt yaşayırdılar.
21 Süleyman Fərat çayından Filiştlilərin torpağına və Misir sərhədinə qədər bütün padşahlıqlar üzərində hökmranlıq edirdi. Onlar Süleymanın ömrünün axırına qədər xərac verdilər və ona qulluq etdilər.
22 Süleymanın evinin gündəlik ərzağı bunlardan ibarət idi: otuz kor narın un və altmış kor iri üyüdülmüş un,
23 on baş bəslənmiş mal-qara, iyirmi otlaq öküzü, yüz qoyun, maral, ceyran, cüyür və bəslənmiş ev quşları.
24 Tifsahdan Qəzzəyə qədər Fərat çayının bu tayındakı bütün torpaqlar və çayın bu tayındakı bütün padşahlar üzərində Süleyman hökmranlıq edirdi və bütün ətraf ölkələrlə sülh şəraitində yaşayırdı.
25 Onun bütün ömrü boyu Dandan Beer-Şevaya qədər Yəhuda və İsraildə hər kəs öz üzüm meynəsinin və əncir ağacının altında dinclik içində yaşayırdı.
26 Süleymanın qırx min axurunda döyüş arabaları üçün atları və on iki min atlısı var idi.
27 Valilərin hər biri öz ayında padşah Süleymana və onun süfrəsinə gələnlərin hamısına ərzaq göndərirdi və heç bir şeyə ehtiyac qalmırdı.
28 Hər vali ona verilmiş əmrə görə döyüş və çapar atlarının olduqları yerə arpa-saman göndərirdi.
29 Allah Süleymana dəniz sahilindəki qum qədər bol hikmət, dərrakə və ürək genişliyi verdi.
30 Süleymanın hikməti bütün şərq xalqlarının və Misirlilərin hikmətindən üstün idi.
31 O bütün adamlardan, Ezrahlı Etandan, Maxolun oğulları Heman, Kalkol və Dardadan hikmətli idi, şöhrəti bütün ətraf millətlər arasında yayılmışdı.
32 O, üç min məsəl söyləmişdi və onun min beş nəğməsi var idi.
33 Livanda olan sidr ağacından tutmuş divarda bitən züfa otuna qədər bitkilər barədə bəhs etdi, həmçinin heyvanlar, quşlar, həşəratlar və balıqlar haqqında danışdı.
34 Süleymanın hikmətli sözlərinə qulaq asmaq üçün bütün xalqlardan və onun hikməti barədə eşitmiş bütün dünya padşahlarından yanına adamlar gəlirdi.