< Birinci Padşahlar 20 >
1 Aram padşahı Ben-Hadad bütün ordusunu topladı. Onunla birgə otuz iki padşah, atlar və döyüş arabaları var idi. Ben-Hadad gəlib Samariyanı mühasirəyə aldı və şəhərə hücum etdi.
2 O, şəhərə, İsrail padşahı Axavın yanına qasidlər göndərib dedi: «Ben-Hadad belə deyir:
3 “Sənin qızıl-gümüşün mənimdir, arvadlarının və oğullarının ən yaxşıları da mənimdir”».
4 İsrail padşahı cavab verib dedi: «Ağam padşah, sənin söylədiyin kimi özüm və hər nəyim var, sənindir».
5 Qasidlər yenə gəlib dedilər: «Ben-Hadad belə söyləyir: “Hərçənd ki sənə ‹qızıl-gümüşünü, arvadlarını və oğullarını mənə ver› deyə xəbər göndərdim,
6 ancaq sabah bu vaxt adamlarımı sənin yanına göndərəcəyəm. Evini və əyanlarının evlərini axtaracaqlar və sənin xoşuna gələn hər şeyi götürüb gətirəcəklər”».
7 İsrail padşahı ölkənin bütün ağsaqqallarını çağırıb dedi: «Görün bu adam necə pislik axtarır. Arvadlarımı, oğullarımı, qızıl-gümüşümü məndən tələb etdi, mən ondan əsirgəmədim».
8 Bütün ağsaqqallar və xalq ona «qulaq asma və razı olma» dedilər.
9 O, Ben-Hadadın qasidlərinə dedi: «Ağam padşaha deyin: “Bu qulundan əvvəlcə istədiyin hər şeyi verərəm, ancaq bunu edə bilməyəcəyəm”». Qasidlər gedib onun sözünü çatdırdılar.
10 Ben-Hadad ona xəbər göndərib dedi: «Əgər Samariya torpağı mənim dalımca gedən qoşunun ovuclarını doldurmağa bəs edərsə, allahlar mənə beləsini və bundan betərini etsin».
11 İsrail padşahı cavab verib dedi: «Söyləyin, qurşanan adam soyunan kimi öyünməsin».
12 Bu sözü eşidəndə Ben-Hadad padşahlarla birgə çadırlarda şərab içirdi. O, əsgərlərinə «Sıraya düzülün!» dedi. Onlar şəhərin qarşısında sıraya düzüldülər.
13 Bu vaxt bir peyğəmbər İsrail padşahı Axavın yanına gəlib dedi: «Rəbb belə deyir: “Bu böyük qoşunu görürsənmi? Bu gün onu sənə təslim edəcəyəm və biləcəksən ki, Rəbb Mənəm”».
14 Axav dedi: «Kimin vasitəsilə?» O dedi: «Rəbb belə deyir: “Əyalət başçılarının xidmətində olan igidlərin vasitəsilə bunu edəcəyəm”». Sonra Axav dedi: «Döyüşü kim başlayacaq?» O cavab verdi: «Sən».
15 Sonra Axav əyalət başçılarının igidlərini sıraya düzdü: onlar iki yüz otuz iki nəfər idi. Onlardan sonra orada olan xalqın hamısını – bütün İsrail övladlarını sıraya düzdü: onlar yeddi min nəfər idi.
16 Onlar günorta oradan çıxdılar. Ben-Hadad və ona kömək edən otuz iki padşah çadırlarda içib sərxoşluq edirdilər.
17 Əvvəl əyalət başçılarının igidləri çıxdılar. Ben-Hadadın göndərdiyi casuslar ona «Samariyadan adamlar çıxır» deyə bildirdilər.
18 O dedi: «Əgər sülh üçün çıxırlarsa, onları diri tutun, yox, döyüş üçün çıxırlarsa, yenə onları diri tutun».
19 O vaxt bu adamlar – həm əyalət başçılarının igidləri, həm də onların ardınca gələn qoşun artıq şəhərdən çıxmışdı.
20 Onlardan hər biri qarşısında duranı vurdu. Aramlılar qaçdılar və İsraillilər onları təqib etdilər. Aram padşahı Ben-Hadad at üstündə süvariləri ilə birgə qaçıb qurtardı.
21 İsrail padşahı oradan çıxıb atlara və döyüş arabalarına hücum etdi və Aramlıları böyük tələfata uğratdı.
22 Həmin peyğəmbər İsrail padşahının yanına gəlib ona dedi: «Get özünü möhkəmləndir, gör ki, nə etməlisən. Çünki bahar gələndə Aram padşahı yenə sənin üstünə gələcək».
23 Aram padşahının əyanları ona deyirdilər: «İsraillilərin Allahı təpələr Allahıdır, buna görə də onlar bizə qalib gəldilər. Onlarla düzənlikdə vuruşaq, hökmən biz onlara qalib gələcəyik.
24 Belə et: padşahların hər birini vəzifəsindən götür və onların yerinə valilər təyin et.
25 Sən isə at yerinə at, araba yerinə araba qoyaraq itirdiyin ordu kimi özün üçün bir ordu düzəlt ki, biz onlara qarşı düzənlikdə vuruşaq. Hökmən biz onlara qalib gələcəyik». Ben-Hadad onların sözünə qulaq asdı və belə etdi.
26 Bahar gələndə Ben-Hadad Aramlıları topladı və İsraillilərlə vuruşmaq üçün Afeqə doğru getdi.
27 İsrail övladları da toplaşdılar, azuqə hazırladılar və onların qarşısına getdilər. İsrail övladları onların önündə iki kiçik sürü kimi ordugah qurdular, Aramlılar isə hər tərəfi tutmuşdular.
28 Allah adamı İsrail padşahının yanına gəlib dedi: «Rəbb belə deyir: “Aramlılar ‹Rəbb təpələr Allahıdır, düzənliklər Allahı deyil› deyirlər. Buna görə də Mən bu böyük qoşunu bütünlüklə sənə təslim edəcəyəm və biləcəksiniz ki, Rəbb Mənəm”».
29 Onlar bir-birlərinin qarşısında yeddi gün ordugahda qaldılar. Yeddinci gün döyüş başlandı. İsrail övladları bir gündə Aramlıların piyada qoşunundan yüz min nəfəri qırdılar.
30 Onların qalanları Afeqə – şəhərin içinə qaçdılar. Şəhərin divarı qalan iyirmi yeddi min nəfərin üstünə yıxıldı. Ben-Hadad şəhərə qaçıb bir iç otağa girdi.
31 Əyanları ona dedilər: «Biz eşitmişik ki, İsrail padşahları mərhəmətli padşahlardır. Gəlin bellərimizə çul, başlarımıza ip sarıyaq və İsrail padşahının yanına gedək. Bəlkə o səni sağ buraxar».
32 Onlar bellərinə çul, başlarına ip bağladılar və gəlib İsrail padşahına dedilər: «Qulun Ben-Hadad “yalvarıram, məni sağ burax” deyir». İsrail padşahı dedi: «O hələ sağdır? O ki mənim qardaşımdır».
33 Bu adamlar bir əlamət gözləyirdilər, padşahın sözünü yaxşı əlamət sayıb cəld dedilər: «Bəli, Ben-Hadad sənin qardaşındır». O dedi: «Gedin, onu gətirin». Ben-Hadad onun yanına gəldi və o, Ben-Hadadı öz döyüş arabasına mindirdi.
34 Ben-Hadad ona dedi: «Mənim atamın sənin atandan aldığı şəhərləri geri qaytarıram. Atamın Samariyada düzəltdiyi kimi sən də Dəməşqdə özün üçün bazarlar düzəldərsən». İsrail padşahı dedi: «Mənimlə saziş bağlayandan sonra səni buraxacağam». Ben-Hadadla saziş bağladı və onu buraxdı.
35 Peyğəmbərlərdən olan bir nəfər Rəbbin sözü ilə öz yoldaşına dedi: «Məni vur». O adam onu vurmaq istəmədi.
36 Onda peyğəmbər o adama dedi: «İndi ki sən Rəbbin sözünə qulaq asmadın, mənim yanımdan gedəndə bir şir səni öldürəcək». Peyğəmbərin yanından gedəndə bir şir ona rast gəlib onu öldürdü.
37 Peyğəmbər başqa bir adam tapıb ona dedi: «Məni vur». O adam peyğəmbəri vurub yaraladı.
38 Peyğəmbər getdi və gözlərini örtərək qiyafəsini dəyişib padşahın yolu üstündə dayandı.
39 Padşah keçəndə onu səsləyib dedi: «Bu qulun döyüşün ortasına girmişdi. Bu zaman bir adam kənara çəkildi və mənim yanıma bir nəfər gətirib dedi: “Bu adamı qoru. Əgər aradan çıxsa, əvəzində ya canını verəcəksən ya da bir talant gümüş”.
40 Bu qulun orada-burada çalışarkən o, yanımdan qaçdı». İsrail padşahı bu adama dedi: «Hökmün elə də olmalıdır, özün qərar vermisən».
41 O cəld gözlərindən örtüyü götürdü. İsrail padşahı onun peyğəmbərlərdən biri olduğunu gördü.
42 O, İsrail padşahına dedi: «Rəbb belə deyir: “Mənim lənətlədiyim adamı sən əldən buraxdın. Buna görə də onun yerinə sən öləcəksən və onun xalqının başına gələcək işlər sənin xalqının başına gələcək”».
43 İsrail padşahı qaşqabaqlı və dilxor halda Samariyada olan evinə gəldi.