< Birinci Padşahlar 12 >
1 Rexavam Şekemə getdi, çünki bütün İsraillilər onu padşah etmək üçün Şekemə gəlmişdilər.
2 Nevat oğlu Yarovam bunu eşitdiyi zaman hələ Misirdə idi. Oraya padşah Süleymanın əlindən qaçmışdı və Misirdə yaşayırdı.
3 Onu çağırtdırdılar. Yarovam gəldi və bütün İsrail camaatı ilə birgə Rexavama söylədi:
4 «Atan üzərimizə ağır boyunduruq qoydu. Sən isə indi atanın çətin qulluğunu və üzərimizə qoyduğu ağır boyunduruğu yüngülləşdir, biz də sənə qulluq edərik».
5 Rexavam onlara dedi: «İndi gedin və üç gündən sonra yenə mənim yanıma gəlin». Xalq getdi.
6 Padşah Rexavam atası Süleymanın sağlığında onun önündə duran ağsaqqallarla məsləhət edib dedi: «Bu xalqa cavab vermək üçün mənə nə məsləhət verirsiniz?»
7 Ağsaqqallar ona dedilər: «Əgər bu gün sən bu xalqa xidmətçi olsan, onlara qulluq etsən və onlara cavab verəndə yaxşı sözlər desən, daim sənə qul olacaqlar».
8 Ancaq o, ağsaqqalların verdikləri məsləhətə məhəl qoymadı, onunla birgə böyümüş və onun önündə duran cavan adamlarla məsləhətləşdi.
9 Onlara dedi: «Siz nə məsləhət verirsiniz? Mənə “atanın üzərimizə qoyduğu boyunduruğu yüngülləşdir” deyən bu xalqa nə cavab verim?»
10 Onunla birgə böyümüş cavan adamlar ona dedilər: «Sənə “atan üzərimizə ağır boyunduruq qoydu, sən isə onu yüngülləşdir” deyən bu xalqa belə söylə: “Mənim kiçik barmağım atamın belindən yoğundur.
11 Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə sizi əqrəblərlə cəzalandıracağam”».
12 «Üç gündən sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gündən sonra Rexavamın yanına gəldi.
13 Padşah xalqa sərt cavab verdi, ağsaqqalların ona verdiyi məsləhətə məhəl qoymayıb
14 cavan adamların məsləhətinə görə xalqa dedi: «Atam sizi ağır boyunduruqla yükləmişdi, mən isə sizin boyunduruğunuzu daha da artıracağam; atam sizi qamçılarla cəzalandırırdı, mən isə əqrəblərlə cəzalandıracağam».
15 Padşah xalqa qulaq asmadı, çünki bu hadisə Rəbb tərəfindən oldu ki, O, Şilolu Axiya vasitəsilə Nevat oğlu Yarovama söylədiyi sözü yerinə yetirsin.
16 Bütün İsraillilər padşahın onlara qulaq asmadığını gördülər. Onda xalq ona cavab verib dedi: «Davudla bizim nə şərikliyimiz var? Yesseyin oğlu ilə heç bir irsimiz yoxdur! Ey İsraillilər, çadırınıza! İndi, ey Davud, öz evinin halına özün bax!» İsraillilər evlərinə getdilər.
17 Rexavam yalnız Yəhuda şəhərlərində yaşayan İsrail övladları üzərində padşahlıq etdi.
18 Padşah Rexavam mükəlləfiyyətçilər üzərində nəzarətçi olan Adoniramı göndərdi, bütün İsraillilər onu daşqalaq edib öldürdülər. Padşah Rexavam Yerusəlimə qaçmaq üçün tələsik öz döyüş arabasına mindi.
19 Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdılar və bu indiyə qədər belədir.
20 Bütün İsraillilər Yarovamın qayıtdığını eşidəndə onu toplantıya çağırtdırdılar və bütün İsrail üzərində onu padşah etdilər. Yəhuda qəbiləsindən başqa Davud sülaləsinin arxasınca gedən olmadı.
21 Rexavam Yerusəlimə gəldi. O, İsrail evi ilə müharibə edib öz padşahlığını qaytarmaq üçün bütün Yəhuda evini və Binyamin qəbiləsini – yüz səksən min seçmə döyüşçünü topladı.
22 Ancaq Allah adamı Şemayaya Allahın bu sözü nazil oldu:
23 «Yəhuda padşahı Süleyman oğlu Rexavama, bütün Yəhuda və Binyamin evinə, qalan xalqa söylə ki,
24 Rəbb belə deyir: “Getməyin və öz soydaşlarınız olan İsrail övladları ilə müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Rəbbin sözünə görə geri qayıtdılar.
25 Yarovam Efrayimin dağlıq bölgəsində Şekemi tikdi və orada yaşadı. Oradan çıxıb Penueli tikdi.
26 Yarovam ürəyində dedi: «Padşahlıq yenə Davud sülaləsinə qayıda bilər.
27 Əgər bu xalq Yerusəlimə, Rəbbin məbədinə qurban gətirmək üçün gedərsə, bu xalqın ürəyi ağalarına – Yəhuda padşahı Rexavama tərəf dönəcək. Onlar məni öldürüb Yəhuda padşahı Rexavamın tərəfinə keçəcəklər».
28 Padşah məsləhətləşib iki qızıl dana düzəltdi və xalqa dedi: «Sizə daha Yerusəlimə getmək lazım deyil. Ey İsraillilər, sizi Misir torpağından çıxaran allahlarınız bunlardır».
29 O, danalardan birini Bet-Eldə, o birini isə Danda qoydu.
30 Bu iş günah oldu. Xalq onlardan birinə səcdə etmək üçün Dana qədər gedirdi.
31 Yarovam səcdəgahlarda ibadət evləri tikdi və xalqın arasından Levililərdən olmayan kahinlər təyin etdi.
32 Yarovam səkkizinci ayın on beşinci günü Yəhudada keçirilən bayram kimi bir bayram keçirdi. Bet-Eldə düzəltdiyi danalara qurban gətirmək üçün qurbangaha qalxdı və tikdiyi səcdəgahların kahinlərini Bet-Eldə vəzifəyə qoydu.
33 O öz istəyincə uydurduğu vaxt – səkkizinci ayın on beşinci günü İsrail övladları üçün bayram keçirdi və buxur yandırmaq üçün Bet-Eldə düzəltdiyi qurbangaha qalxdı.