< Birinci Salnamələr 15 >
1 Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu.
2 Onda Davud dedi: «Levililərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi».
3 Davud Rəbbin sandığını onun üçün hazırladığı yerə çıxarmaq üçün bütün İsrailliləri Yerusəlimə yığdı.
4 Davud Harunun nəslindən olan adamları və Levililəri topladı:
5 Qohat nəslindən başçı Uriel və onun yüz iyirmi nəfər qohumu;
6 Merarinin nəslindən başçı Asaya və onun iki yüz iyirmi nəfər qohumu;
7 Gerşon nəslindən başçı Yoel və onun yüz otuz nəfər qohumu;
8 Elisafan nəslindən başçı Şemaya və onun iki yüz nəfər qohumu;
9 Xevron nəslindən başçı Eliel və onun səksən nəfər qohumu;
10 Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu.
11 Davud kahin olan Sadoqu və Evyatarı, Levili olan Urieli, Asayanı, Yoeli, Şemayanı, Elieli və Amminadavı çağırıb
12 onlara dedi: «Siz Levililər arasında nəsil başçılarısınız. Siz və qohumlarınız özünüzü təqdis edin və İsrailin Allahı Rəbbin sandığını onun üçün hazırladığım yerə çıxarın.
13 Çünki keçən dəfə siz onu daşımadığınıza və lazım olduğu kimi Allahımız Rəbbi axtarmadığımıza görə O bizi cəzalandırdı».
14 İsrailin Allahı Rəbbin sandığını çıxarmaq üçün kahinlərlə Levililər özlərini təqdis etdilər.
15 Rəbbin sözünə görə, Musanın əmr etdiyi kimi Levililər Allahın sandığının şüvüllərini çiyinlərinə qoyub onu daşıdılar.
16 Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalıb-oxuyan ilahiçilər təyin etsinlər.
17 Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan,
18 onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel.
19 İlahiçilər Heman, Asəf və Etan yüksək səsli tunc sinclər,
20 Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər,
21 Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi.
22 Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi;
23 Berekya və Elqana sandığın yanında qapıçı idi;
24 kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi.
25 Davud, İsrail ağsaqqalları və minbaşılar şadlıq etməklə Rəbbin Əhd sandığını Oved-Edomun evindən gətirməyə getdilər.
26 Rəbbin Əhd sandığını daşıyan Levililər yeddi buğa və yeddi qoç qurban kəsdilər, çünki Allah onlara kömək edirdi.
27 Davud incə kətandan cübbə geyinmişdi, sandığı daşıyan bütün Levililər, ilahiçilər və ilahiçilərin rəhbəri olan Kenanya da belə geyinmişdi. Davudun əynində kətan efod da var idi.
28 Bütün İsraillilər səs-küylə şeypur, kərənay, sinc çalaraq çənglərin və liraların yüksək səsi altında Rəbbin Əhd sandığını çıxartdılar.
29 Rəbbin Əhd sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxdı, padşah Davudu tullanıb rəqs edən gördü və ürəyində ona kinayə etdi.