< Romalilara 14 >
1 İmanı zəif olanı qəbul edin, amma onun fikirləri ilə mübahisəyə girişməyin.
2 Biri inanır ki, hər şeyi yeyə bilər, amma imanı zəif olan yalnız tərəvəz yeyir.
3 Yeyən yeməyənə xor baxmasın, yeməyən də yeyəni mühakimə etməsin. Çünki Allah onu qəbul edib.
4 Sən kimsən ki, başqasının xidmətçisini mühakimə edirsən? O xidmətçini haqlı yaxud haqsız çıxarmaq ixtiyarı ağasına məxsusdur. Xidmətçi haqlı çıxacaq, çünki Rəbb onu haqlı çıxarmağa qadirdir.
5 Kimsə bir günü o biri gündən üstün sayır, başqası isə hər günü eyni sayır. Qoy hər kəs öz fikrinə əmin olsun.
6 Bir günü fərqləndirən adam onu Rəbb üçün fərqləndirir. Yeyən Rəbb üçün yeyir, çünki Allaha şükür edir. Yeməyən də Rəbb üçün yemir və Allaha şükür edir.
7 Çünki bizim heç birimiz özümüz üçün yaşamırıq və özümüz üçün ölmürük.
8 Yaşayırıqsa, Rəbb üçün yaşayırıq, ölürüksə, Rəbb üçün ölürük. Buna görə yaşasaq da, ölsək də Rəbbə məxsusuq.
9 Çünki Məsih ona görə ölüb yenə yaşadı ki, həm ölülərin, həm də yaşayanların Rəbbi olsun.
10 Bəs sən nə üçün qardaşını mühakimə edirsən? Yaxud nə üçün qardaşına xor baxırsan? Axı biz hamımız Allahın hökm kürsüsünün qarşısında dayanacağıq.
11 Çünki yazılıb: «Rəbb deyir: Varlığıma and içdim, Hər diz önümdə çökəcək, Hər dil Allah olduğumu bildirəcək».
12 Beləcə hər birimiz özü üçün Allaha hesabat verəcək.
13 Buna görə də daha bir-birimizi mühakimə etməyək, əksinə, qərara alın ki, heç bir qardaşın önünə onu büdrədən yaxud pis yola çəkən bir şey qoymayasınız.
14 Rəbb İsada olaraq əminəm ki, heç bir şey özlüyündə murdar deyil. Amma nəyisə murdar sayan adam üçün o şey murdardır.
15 Əgər sənin qardaşın yediyin bir şeydən ötrü kədərlənirsə, onda sən məhəbbətə görə həyat sürmürsən. Uğrunda Məsihin öldüyü adamı öz yeməyinə görə həlaka təslim etmə.
16 İmkan verməyin ki, sizin yaxşı hesab etdiyiniz bir şey pislənsin.
17 Çünki Allahın Padşahlığı yemək-içməkdən ibarət deyil, Müqəddəs Ruhda salehlik, sülh və sevincdən ibarətdir.
18 Kim beləcə Məsihə qulluq edirsə, Allahı razı salır və insanların da rəğbətini qazanır.
19 Beləliklə, özümüzü sülh gətirən və bir-birimizi inkişaf etdirən işlərə həsr edək.
20 Qidaya görə Allahın işlərini pozma! Hamısı təmizdir. Amma yeməyi ilə başqasının büdrəməsinə səbəb olan adam pislik edir.
21 Ət yeməyərək, şərab içməyərək qardaşının büdrəməsinə səbəb olmayan isə yaxşılıq edir.
22 Bu məsələlərdə etiqadını Allahın önündə öz ürəyində saxla. Seçdiyi bir işdə özünü mühakimə etməyən adam nə bəxtiyardır!
23 Amma bir yeməyə şübhə edən adam o yeməyi yeyirsə, məhkum olur. Çünki gördüyü iş imana əsaslanmır və imana əsaslanmayan hər şey günahdır.