< Matta 20 >
1 Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir.
2 O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi.
3 Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü.
4 Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”.
5 Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi.
6 On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?”
7 “Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi.
8 Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”.
9 On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar.
10 Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar.
11 Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər:
12 “Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”.
13 O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı?
14 Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm.
15 Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?”
16 Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».
17 İsa Yerusəlimə gedərkən yolda On İki şagirdi kənara çağırıb ayrıca onlara dedi:
18 «Bax Yerusəlimə qalxırıq, Bəşər Oğlu başçı kahinlərə və ilahiyyatçılara təslim olunacaq. Onu ölümə məhkum edəcəklər;
19 ələ salaraq qamçılayıb çarmıxa çəksinlər deyə başqa millətlərə təslim edəcəklər. O, üçüncü gün diriləcək».
20 O zaman Zavday oğullarının anası oğulları ilə birlikdə İsaya yaxınlaşıb səcdə qılaraq Ondan nə isə dilədi.
21 İsa qadından «Sən nə istəyirsən?» deyə soruşdu. Qadın Ona dedi: «Əmr et ki, mənim bu iki oğlum Sənin Padşahlığında biri sağında, biri solunda otursun».
22 Amma İsa cavab verib dedi: «Nə dilədiyinizi özünüz də bilmirsiniz. Mənim içəcəyim kasadan siz də içə bilərsinizmi?» Onlar dedilər: «Bilərik».
23 İsa onlara dedi: «Mənim içəcəyim kasadan içəcəksiniz. Amma sağımda və yaxud solumda oturmağa izin vermək Məndən asılı deyil. Atam oranı kimlər üçün hazırlayıbsa, onlara veriləcək».
24 Bunu eşidən on şagirdin iki qardaşa acığı tutdu.
25 İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir.
26 Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun.
27 Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun.
28 Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
29 İsa şagirdləri ilə Yerixodan çıxarkən böyük bir izdiham Onun ardınca getdi.
30 Yol kənarında oturan iki kor adam İsanın oradan keçdiyini eşitdikdə «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə bağırdı.
31 Camaat onlara qadağan edib susdurmaq istədisə də, onlar «Ya Rəbb, ey Davud Oğlu! Bizə rəhm elə!» deyə daha ucadan bağırdılar.
32 İsa dayanıb onları çağırdı və onlardan soruşdu: «Nə istəyirsiniz, sizin üçün edim?»
33 Onlar dedilər: «Ya Rəbb, gözlərimiz açılsın».
34 İsanın onlara rəhmi gəldi, gözlərinə toxundu. Həmin an onların gözləri açıldı və İsanın ardınca getdilər.