< Yəhya 12 >
1 Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da orada idi.
2 Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə birgə süfrə arxasında oturanların arasında idi.
3 Məryəm isə bir litra çox qiymətli xalis nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi bürüdü.
4 Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi:
5 «Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?»
6 Bu sözü yoxsulların qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna qoyulanların bir hissəsini oğurlayırdı.
7 Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu Mənim dəfn günüm üçün saxlasın.
8 Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə həmişə yanınızda olmayacağam».
9 Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün oraya gəldi.
10 Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar.
11 Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
12 Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə
13 xurma budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna! Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!» deyə qışqırırdı.
14 İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:
15 «Ey Sion qızı, qorxma. Bax Padşahın bir sıpaya minib gəlir».
16 Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar.
17 İsanın Lazarı qəbirdən çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi.
18 Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı.
19 Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm Onun ardınca getdi».
20 Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi.
21 Onlar Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək istəyirik» deyə ondan xahiş etdilər.
22 Filip gəlib Andreyə söylədi, Andrey və Filip də birgə gəlib İsaya xəbər verdilər.
23 İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı gəldi.
24 Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir.
25 Öz canını sevən kəs onu itirər, bu dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar. (aiōnios )
26 Kim Mənə xidmət etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
27 İndi ürəyim təlaş keçirir. Nə deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim.
28 Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim, yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi.
29 Orada duran xalqın bir qismi «göy guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi.
30 İsa cavab verdi: «Bu səs Mənim üçün deyil, sizin üçün gəldi.
31 İndi isə bu dünyaya hökm veriləcək və bu dünyanın hökmdarı bayıra atılacaq.
32 Mən yerdən yuxarı qaldırılsam, bütün insanları Özümə cəzb edəcəyəm».
33 İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi.
34 Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?» (aiōn )
35 Onda İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki, sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz.
36 Nurunuz var ikən nura iman edin ki, nur övladları olasınız». İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi.
37 Onların qabağında bu qədər əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər.
38 Bunlar ona görə baş verdi ki, Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, Rəbbin gücü kimə zühur oldu?»
39 Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:
40 «Allah onların gözlərini kor etdi Və ürəklərini kütləşdirdi ki, Gözləri ilə görməsinlər, Ürəkləri ilə anlamasınlar Və Mənə sarı dönməsinlər ki, Mən onlara şəfa verim».
41 Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb.
42 Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər.
43 Çünki insanlardan izzət qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.
44 İsa nida edib dedi: «Mənə iman edən Mənə deyil, Məni Göndərənə iman edir.
45 Məni görən də Məni Göndərəni görür.
46 Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın.
47 Kim sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim.
48 Məni rədd edib sözlərimi qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son gündə onu mühakimə edəcək.
49 Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi.
50 Mən bilirəm ki, Onun əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də söyləyirəm». (aiōnios )